Azərbaycan Milli Xalça Muzeyində Kanadada yaşayan soydaşımız, tanınmış silah ustası Emin Məmmədovun muzeyə bağışladığı yeni əl işlərinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, əvvəlcə tədbir iştirakçıları muzeyə hədiyyə edilən nümunələrlə tanış olublar.
Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova təqdim olunan əl işləri haqqında məlumat verib. Bildirib ki, Emin Məmmədovun muzeyə hədiyyə etdiyi 11 ədəd soyuq silah nümunəsindən bir neçəsi ictimaiyyətə təqdim olunur. Bu unikal əl işləri sırasında XVIII əsrin sonuna aid, Qacarlar dövründə geniş yayılmış iki qalxan, XIX əsrə məxsus xəncər, həmçinin sənətkarın müəllifi olduğu qılınc və xəncərlər var. Böyük ustalıqla, yüksək zövqlə polad və tuncdan hazırlanmış qalxanlar incə, zəngin nəbati naxışlarla bəzədilib. Bu qalxanlar döyüş məqsədilə deyil, xüsusi mərasimlər üçün hazırlanır və dövrün yüksəkvəzifəli şəxslərinə hədiyyə edilirdi.
Muzeyin direktoru vurğulayıb ki, silah ustasının “Şəmşir” qılıncı və Qaşqay xəncər dəsti 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlanıb. Onların tiyələri üzərində “Azərbaycan” sözü və sənətkarın adı həkk edilib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası milli mədəni irs nümunələri ilə davamlı olaraq zənginləşir. Kanadada yaşayıb-yaradan Emin Məmmədov da bu işə öz töhfəsini verir. Yeni-yeni unikal sənət nümunələri yaradan sənətkar böyük xeyirxahlıq göstərərək onları doğma vətənindəki muzeyə bağışlayır.
Nazir qeyd edib ki, hazırda Azərbaycanın mədəniyyət strategiyasının əsas hədəflərindən biri maddi-mənəvi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsidir.
“Xaricdə olan dəyərli irs nümunələrimizin ölkəyə qaytarılması çox əhəmiyyətlidir. Mədəniyyət Nazirliyi olaraq bu işdə səylərimizi daha da artırmışıq. Ötən il Azərbaycanın üç xalçasını hərraclardan alaraq ölkəmizə gətirdik. Onların ikisini Milli Xalça Muzeyinə, birini Milli İncəsənət Muzeyinə hədiyyə etdik. Ölkəmiz və mədəniyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu işdə əməyi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondu başda olmaqla bütün təşkilatlara, azərbaycanlı və xarici mesenatlara, kolleksiyaçılara dərin təşəkkürümüzü bildiririk...”, – deyə Anar Kərimov qeyd edib.
Nazir çıxışının sonunda Emin Məmmədova bu xeyirxah təşəbbüsünə görə təşəkkür edib, ona peşəsində yeni uğurlar arzulayıb.
Daha sonra çıxış edən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov Azərbaycanda silah sənətinin çox dərin kökləri olduğunu söyləyib. Bildirib ki, silah nümunələri hərb tariximizin simvolu olmaqla yanaşı, gözəl bədii tərtibatı ilə sənət əsəri kimi də qiymətlidir.
Sonda Emin Məmmədov çıxış edərək göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Kanada vətəndaşı olan Emin Məmmədov Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadır, bu sahədə tədqiqat və təbliğat aparır. O, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Sülh üçün mədəniyyət” (Culture for Peace) müsabiqəsində birinci yerə layiq görülüb.