“Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək Beynəlxalq Ev-Muzeyləri Günü münasibətilə Bülbülün Memorial Muzeyində tədbirlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, Beynəlxalq Ev-Muzeyləri Günləri çərçivəsində 5 aprel tarixində muzeydə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı baş tutub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Həmçinin 6 aprel tarixində Günay Uşaq Teatrının birgə təşkilatçılığı ilə istedadlı uşaqların iştirakı ilə tamaşalar nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)