95 saylı məktəbdə “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib

 

Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Xətai rayon 95 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir təşkil edilib.

Baş İdarədən bildirilib ki, tədbirdə AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, qiraətçi Xəzər Süleymanlı, AMEA kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı, ADNSU-nun dosenti Vəfa Abbasova, Vətən müharibəsi veteranı, tarzən Fərid Atazadə, gənc xanəndə Həmzə Həsənov, Cəbrayıl rayon Böyük Mərcanlı kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin aparıcısı Təranə Quliyeva bildirib ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə də, repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilib.

Sonra Baba Vəziroğlu qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük müharibədə torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Bu gün ana dilimiz vüsalına yetişdiyimiz Qarabağımızda səslənir və daim səslənəcək.

Tədbirdə çıxış edən ziyalılar dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğu bildiriblər.

Daha sonra şeirlər oxunub, mahnılar ifa olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.