Könül, “Ədəbiyyat və incəsənət”
Ölkəmizin mədəniyyət sferasında uğurla fəaliyyət göstərən “Simurq” assosiasiyasının yeni layihə icra etməsi barədə sizləri bilgiləndirmişdik. Layihə Azərbaycanın sosial-mədəni strategiyasının uğurlu həyata keçirilməsinə vətəndaş köməyinin göstərilməsi məqsədilə həyata keçirir, ona “Simurq”un İdarə Heyətinin məsul katibi Leyla Hacıyeva rəhbərlik edir.
Biz Leyla xanıma müraciət edərək layihə barədə daha ətraflı məlumat aldıq və məlumatı oxucularımızla bölüşürük.
Artıq Bakı şəhərində “Simurq”un sözügedən layihəsi çərçivəsində Azərbaycan vətəndaşlarının yüksək mədəniyyətli olmasına dair ilk kulturologiya elmi üzrə dinləmələrə başlanılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə, altı hədəf qrupuna - dövlət məmurları, pedaqoqlar, müəllimlər və tərbiyəçilər, jurnalistlər, muzey və kitabxana işçiləri, gənclər və qadınlar üzrə qeyri-hökumət təşkilatları, tibb müəssisələri işçiləri üçün kulturologiya üzrə ustad dərsləri, mühazirələr və təlimlər təşkil etməyi nəzərdə tutur.
Layihə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-mədəni strategiyanın uğurlu həyata keçirilməsinə vətəndaş köməyi göstərilməsi məqsədini güdür və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
Bu strategiya, Azərbaycan xalqının ruhani - intellektual və mənəvi mədəniyyətinin yeni mərhələsinə çatmasını hədəfləyir, dövlət başçısının “yeni era” adlandırdığı dövrün başlanğıcından sonra ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsindən sonrakı inkişaf dövrünü nəzərdə tutulur.
Layihənin əsas məqsədi ölkə vətəndaşlarının yüksək mədəniyyətli fərdlər olaraq yetişməsinə və ölkənin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafının əsas təkan qüvvəsi kimi nəzərdə tutulan yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına kömək etməkdir.
Layihə iştirakçıları - ölkənin insan kapitalının əsas hissəsini təşkil edən mütəxəssislər və vətəndaşlar layihənin köməyi ilə mədəniyyət, sivilizasiya və mədəniyyətşünaslıq haqqında yeni elmi biliklər vasitəsilə intellektual potensiallarını artırmaq imkanı əldə edəcəklər. Onlar mədəniyyətin intelektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini yönləri, iş mədəniyyəti, peşə etikası və məsuliyyət mədəniyyəti ilə bağlı daha geniş məlumatlar əldə edəcəklər. Layihə iştirakçıları, kulturologiyanın insan inkişafı, davamlı cəmiyyətin inkişafı və güclü dövlətin qurulması, təhsil sisteminin təkmilləşdirilməsi, zamanın dəyişən çağırışlarına uyğun olaraq davamlı kulturologiya transformasiyalarının həyata keçirilməsi sahəsində əvəzsiz yaradıcılıq rolunu anlamaq imkanı qazanacaqlar, bu da ki, əlbəttə çox vacibdir.
Layihə, Azərbaycan vətəndaşlarının özlərini təkmilləşdirmələrinə, həyatlarını yaxşılaşdırmalarına, düşüncələrini və hisslərini idarə etmələrinə, emosional intellektlərini inkişaf etdirmələrinə, çətinlikləri aşmalarına, sağlamlıqlarını qorumağa və vaxtı səmərəli idarə etməyə kömək etməyi hədəfləyir.
Dövlət məmurları, ictimai xidmətçilər və sahibkarlar qərarların qəbul edilməsində, dövlətçiliyin mədəniyyətində, iqtisadi inkişafda, liderlik və özünüidarə mədəniyyətində faydalı olan dünya ölkələrinin təcrübəsindən və ümumi idarəetmə texnologiyalarından faydalana bilərlər.
Təlimlərdə iştirakçıların kulturologiya biliklərinin səviyyəsini qiymətləndirmək və məşğələlərin yüksək keyfiyyətini təmin etmək məqsədilə mədəniyyətşünaslıq üzrə anket sorğusu da keçiriləcək.
Kulturologiya elmi oxumalarını uğurla bitirən iştirakçılara «Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı» sertifikatları və “Simurq” assosiasiyası tərəfindən hazırlanmış yeni kulturologiya monoqrafiyası – “Yüksək mədəniyyətli insan” kitabı təqdim ediləcək.
Azərbaycanda daha çox vətəndaşı əhatə etmək məqsədilə layihənin 2025-ci il boyu davam etdirilməsi nəzərdə tutulur və yalnız Bakı şəhərində deyil, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında da həyata keçiriləcəyi planlaşdırılır. Ümumi kulturologiya biliklərinin yayılması prosesi bütün təhsil və tərbiyə müəssisələrinin, elmi təşkilatların, mədəniyyət və incəsənət müəssisələrinin, dövlət idarələrinin, Bakı şəhərinin və onun rayonlarının icra hakimiyyətinin, KİV-lərin, logistika təşkilatlarının, dini qurumların, biznes strukturlarının, istehsal və kənd təsərrüfatı müəssisələrinin, turizm təşkilatlarının, gənclər və uşaqlar üzrə qeyri-hökumət təşkilatlarının, habelə Azərbaycanın ağsaqqallar və veteranlar şuralarının əhatə edilməsini özündə ehtiva edir.
Kulturologiya elmi dinləmələri regional təhsil müəssisələrində və mədəniyyət mərkəzlərində, eləcə də xüsusi istedadlı uşaqlar və gənclər üçün, habelə ana və uşaq institutunun inkişafına dəstək olmaq məqsədilə xüsusi liseylərdə təhsil alan qızlar üçün keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru və əlbəttə ki, “Simurq” assosiasiyasının da prezidenti Fuad Məmmədov tərəfindən keçirilən kulturologiya ustad dərsi 35 illik fəaliyyət dövründə “Simurq”un elmi tədqiqatlarının nəticəsi olan 100-dən çox slayddan ibarət təqdimatla müşayiət olunur.
Dinləmələrdə habelə Azərbaycan Kulturoloji Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Mini xanım Əsədli Azərbaycancan alimlərinin dünya kulturologiyasına verdiyi töhfələr haqqında maraqlı məruzə ilə çıxış edir. Siyasi mədəniyyətin, demokratiyanın və dövlət idarəçiliyinin xüsusiyyətlərini təhlil edən mühazirə isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilir.
Yüksək mədəniyyətli vətəndaşların formalaşması və inkişaf etdirilməsi prosesini motivasiya etmək məqsədilə layihənin növbəti mərhələlərində Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyi altında, Mədəniyyət Assosiasiyası və “Simurq” Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyəti tərəfindən «Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı» xüsusi müsabiqələrinin keçirilməsi də nəzərdə tutulur.
Bir sözlə, “Simurq” çox nəcib bir işə başlayıb. Nəticəsi bütün cəmiyyətimizə fayda verməkdən ibarət olacaq. Belə ki, ən sivil cəmiyyətlərin birinci şərti onun vətəndaşlarının yüksək mədəniyyətli olmasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)