Avropanın gündəmində olan Nitsa karnavalından Azərbaycan üçün xoşagəlməz reportaj Featured

 

“Biz bayramı iki il idi ki, gözləyirdik” deyərək Fransanın kəhraba sahili, turizm mərkəzi Nitsada keçirilən ənənəvi karnaval barədə nitsalılar da, əcnəbi qionaqlar da eyni fikir səsləndirirlər. Pandemiya səbəbindən 2020 və 2021-ci illərdə təxirə salınan karnaval axır ki, bu fevral günlərində keçirilib və hamını xoşbəxt edib.  

“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, ayın əvvəlində Fransa hökuməti bəzi məhdudiyyətləri ləğv edib, məsələn, artıq küçədə maskalı gəzmək lazım deyil, açıq havada kütləvi toplantılar isə məhdudiyyətsiz sayda iştirakçılarla keçirilə bilər. Bunlar da Nitsa festivalını keçirməyə imkan yaradıb.

Festivalın təşkilat komitəsinin sədri, Nitsa Bələdiyyəsinin vitse-meri açılış mərasimində söyləyib:

"Bu bayramdır: Nitsa sakinləri, bütün fransız Rivierasının əhalisi, bütün turistlər bu iki ili səbirsizliklə gözləyirdilər. Bu karnaval xalqın, mədəniyyətsevərlərin birləşməsinin əsl təntənəsidir".

Xatırladaq ki, Nitsa karnavalı Rio-de-Janeyro, Venesiya və Orlean karnavalları ilə yanaşı dünyanın ən böyük karnavalı hesab edilir.

2020-ci ildə karnaval mövsümü koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin başlanması ilə üst-üstə düşdü və Nitsada yürüşün final hissəsini ləğv etdilər, bir il əvvəl isə onu heç yerli-dibli keçirmədilər.

Bu dəfə adətən 200 min nəfəri cəlb edən karnaval paradına cəmi 85 min adam toplaşmışdı. Amma bunun özü də böyük hadisədir, həyatın get-gedə əvvəlki ritminə dönüşünə bir işarədir.

Əlbəttə ki, səbirsiz oxucular söyləyəcəklər ki, bəs Azərbaycan üçün xoşagəlməz olan nədir. Əslində, orda Azərbaycanla bağlı heç bir xoşagəlməz olay baş verməyib təbii ki. Bu karnaval dostluq, mehribançılıq, əmin-amanlıq karnavalıdır. Amma və lakin... İş ondadır ki, festivalın təşkilat komitəsinin sədri, Nitsa Bələdiyyəsinin vitse-meri Magali Altunyandır – gənc erməni xanım. Özü də Altunyanlar - əslən Dağlıq Qarabağdan olan çox məşhur bir nəsildir, hazırda Dağlıq Qarabağın sənayesində Altunyanlar aparıcı rol oynayırlar.

Qadın ola-ola belə gənc yaşda gedib Fransanın gözü olan Kəhraba sahildə bu qədər yüksək vəzifəyə yiyələnəsən, bu müstəsna hünər tələb edir. Çox təəssüf ki, bədnam qonşularımız get-gedə şaxələnir, müxtəlif ölkələrdə müxtəlif yüksək postlara yiyələnirlər. 

Bu il keçdi, amma heç kəs zəmanət verməz ki, madam Magali gələnilki Nitsa karnavalında hansısa bir epizodla, detalla millətçi xislətini ortaya qoyub Azərbaycan əleyhinə bir şey etməyəcək.

 

Şəkillərdə: Nitsa karnavalından görüntülər

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.