Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Los-Anceles neçə gündür tarixin ən böyük fəlakətini yaşayır. Bu şəhərdə ümidlər külə qarışıb havaya sovrulub artıq. Yanğınlar bu şəhərin gözəlliyini, təbiətin təmiz nəfəsini və insanların ümidlərini öz tüstüsündə boğub yox edib.
Külək yanğının miqyasını daha da böyüdür, səma qaranlıq tüstünün qarşısında özünü mələklərin vicdanına buraxır.
Evlər, küçələr, maşınlar bir-bir yox olur. Xatirələr külə çevrilir. Meşələr sobadakı quru odun kimi əriyib köz salır. Quşların fəryadına heç göylərin sahibi Zevs tükünü belə təpətmir. Təbiətin, insanların illərcə ərsəyə gətirdi yaşıl meşələr bir andaca əriyib yoxa çıxır. Ümidlərin külə qarışdığı şəhərdə Zevs hələ də yatır!
İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçır.
İndi evini itirən sakinlərə təsəllilər, ümidlər fayda etmir. İndi yanan şəhərə canlı Los-Anceles sakinlərinin gözləri şahidik edir. Təbiətin qəzəbi Amerika Birləşmiş Ştatlarının cəsarətinə meydan oxuyur. Sanki yanğın öz əmrini şərqdən... alıb! Bu əmr tək Los-Ancelesə yox, bütün dünyaya xəbərdarlıqdır!
Bu günlərdə Los-Ancelesin səmasında təkcə alovların parıltısı görünür. Həyatlar külə dönür. Hər kəs üçün əlçatmaz olan arzuların şəhəri indi arzuedilməz şəhərə çevrilib. Əvvəllər ümidlərin, arzuların şəhəri olan bu şəhər indi qaranlıq tüstülərin, ölümün və iztirabın şəhərinə çevrilib.
İnsanlar təkcə əllərində xatirələrini götürə bildikləri balaca əşyalarla bilinməyən səmtə doğru qaçırlar. İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçırlar. Evlərinin olmamasının nə demək olduğunu deyəsən indi anlayırlar. Bu sadəcə dörd divarın yox olması deyil, ömürlük xəyalların və ümidlərin yox olması deməkdir.
Meşələrin son fəryadı... Ağaclar əlvida deyir
İnid insanlar bir-birinə dəstək olur, yardım əli uzadırlar. Təbiəti yenidən canlandırmaq üçün planlar qururlar. Bu plan küllərin içində parlayan kiçik qığılcımı ehtiva edir özündə. Şəhərin üzərindəki qara bulud tablosu qara qəlbli insanlara ayna tutub. Sanki bütün dünya bu şəhərdəkiləri unudub.
Təbiət bizdən kömək gözləyir, bis izə onu qorumaqda gecikirik. Ümidlərin külə qarışdığı bu şəhərdən geriyə qalan yalnız bir mesajdır: Təbiətə biganələyin nəticəsi bir gün hər kəsin qapısını döyəcək... Hazır olun!
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)