Kolumbiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
“Ədəbiyyat və incəsənət” portalı Diaporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində də 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutan tədbirə Kolumbiya Universitetinin azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Ayova, Corciya və digər ştatlardan gələn tələbələr qatılıb.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAYF-nin sədri Leyla Aslanova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, birliyimizin və həmrəyliyimizin millətimizi daha da gücləndirdiyini vurğulayıb.
AAYF-nin idarə heyətinin üzvü Fərid Axundov qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olduqlarını bildirib və yaralananlara Allahdan şəfa diləyib.
Tədbirdə iştirakçılar öz təcrübələrini paylaşaraq, bir-biri ilə tanış olmaq imkanı qazanıblar. İnteraktiv hissədə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı viktorina keçirilib. İlk üç yeri tutan qaliblər mükafatlandırılıb. Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)