Könül, “Ədəbiyyat və incəsənət”
Elə ünvanlar var ki, öz rahatlığı, hüzuru ilə gələnlərin yaddaşında qalır. Beynəlxalq Muğam Mərkəzi də belə ünvandır. Burada tək musiqi dinlənilmir, mədəniyyətə aid ən müxtəlif tədbirlərə bu gözəl məkan evsahibliyi edir.
2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) 16 yaşı da tamam oldu.
Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəzdə ötən müddət ərzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Gəlin bir daha altını cızaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etdi.
Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan-İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.
Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.
Azərbaycan xalqının min illərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.
Bəli, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.
160-nı gələcək nəsillər üçün ərməğan etsin bu gözəl ünvan.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)