Heydər Əliyev Mərkəzində “Nizaminin süjet və obrazları” adlı sərgi açılıb. Fondun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
AzərTAC-ın məlumatına görə, açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: “Biz çox şadıq ki, sərgi nəhayət Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm sentyabrın 26-na kimi davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub gedib. Buraya beş müstəqil poema daxildir - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İskəndərnamə”. Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsirini əks etdirir.
Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus “vizit kartına” çevrilib. Məsələn, bunlara Şirinin bulaqda çimdiyi məşhur səhnə və ya öküzü qüllənin başına daşıyan Bəhram Gurun sevgilisinə həsr edilmiş təsvirləri aid edilə bilər. Ekspozisiyadakı ən qədim eksponat isə XIII əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində “Xosrov və Şirin” poemasından səhnələrin təsvir olunduğu qabdır.
Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunub. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin “İsgəndər və dərviş” adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.
Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.
Maraqlı və diqqətçəkən sərgidir.
Heydər Əliyev Mərkəzində Nizami Gəncəviyə həsr olunmuş sərgi açıldı
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/189-heydaer-aeliyev-maerkaezindae-nizami-zhaendzaeviyae-haesr-olunmush-saerzhi-ach-ld#sigProGalleria3c96191577
https://edebiyyatveincesenet.az/az/gundem/item/189-heydaer-aeliyev-maerkaezindae-nizami-zhaendzaeviyae-haesr-olunmush-saerzhi-ach-ld#sigProGalleria3c96191577