İçərişəhərdə “Əbədi Zəfər” tədbiri keçirildi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zəfər günü münasibətilə ölkədə yüzlərlə tədbir keçirildi, onları izlədik, bəzilərindən dərhal xəbərlər də paylaşdıq. Mənim fikrimcə, ən diqqətçəkən, yadda qalan tədbirlərdən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil  edilmiş “Əbədi Zəfər” adlı tədbir oldu. 

 

Azərbaycanın müasir tarixində ən şanlı günlərdən biri olan Zəfər Gününə həsr olunmuş tədbirdə, əvvəlcə Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Zəfərə aparan yola həsr edilmiş video çarx nümayiş olundu. 

İçərişəhər və Qala Qoruqlarının qazi əməkdaşları, İçərişəhər ərazisində yaşayan şəhid ailələri, İdarənin rəhbərliyi və əməkdaşları, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri və digər rəsmi qonaqların iştirak etdiyi tədbirdə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov və “İgidlərin sözü” layihəsinin müəllifi Nigar Həsənzadə çıxış etdilər.

 

İntiqam Babayev çıxışında Zəfər Gününün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq, qələbənin Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, ordumuzunun gücü, şəhidlərimizin və qazilərimizin əzmkarlığı sayəsində əldə edildiyini qeyd etdi.

Sonra, “İgidlərin sözü” adlı bədii hissə baş tutdu. Bu hissədə, 44 günlük Vətən Müharibəsinin qəhrəmanları olan qazilərimizin çıxışları dinlənildi. “İgidlərin sözü” layihəsinin iştirakçıları arasında qazilərimiz Cavid Qasımov, Tofiq Əhmədov, Nicat Ağayev, Elşən Bənnayev, Fərid Atazadə və 2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli, qazi anası və şairə Nuranə Nur çıxış edərək müharibə zamanı göstərdikləri igidliklərdən, zəfər hisslərindən və mübarizədən bəhs etdilər.

“Əbədi Zəfər” tədbiri işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərinin nümayiş olunduğu video çarxla yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.