Azərbaycan Ədəbiyyat Fondu Yeniyetmə və gənclərin mütaliəyə cəlb edilməsi layihəsini icra edir - SUMQAYIT TƏDBİRİ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Oktyabrın 16-da Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhər Poeziya Evində “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. 

 

2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi”nin qalibi olan Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində Sumqayıt Dövlət Universitetinin Texniki Kollecinin, Sumqayıt Tibb və Musiqi kolleclərinin, Peşə Təhsil Mərkəzinin tələbələri, 27, 33 və 34 nömrəli məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Təqdimat mərasiminin moderatoru olan Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn layihәnin birinci mәrhәlәsindә hәdәf auditoriyası olan yeniyetmә vә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib.

İkinci mәrhәlәdә ölkә şәhәrlәrindә hәdәf auditoriyası ilә görüşlәr keçirilir, mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla onlara hәdiyyә edilir. 

Daha sonra çıxış edən “Şöhrət” ordeni laureatı, Prezidentin Fəxri Təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva tədris prosesində şagird və tələbələrdə mütaliəyə marağın yaradılması yollarından bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, eləcə də AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin yeniyetmə və gənclərdə mütaliəyə marağın oyadılmasında, mütaliə mədəniyyətinin formalaşmasında bədii ədəbiyyatın rolundan danışıblar. 

Ölkənin ən tanınmış kitabçılarından olan “Xan xəzinəsi” kitab mağazaları şəbəkəsinin qurucusu Xan Rəsuloğlu faydalı kitabları necə seçmək barədə tövsiyyələr verib, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanlı mütaliənin insanın formalaşmasında rolundan danışıb. 

Qazaxıstan yazıçısı, türk dünyası tarixinin və ədəbiyyatının araşdırmaçısı Madi Raimov qardaş ölkədə mütaliə mədəniyyətinin yüksəlməsi üçün tətbiq edilən innovativ metodlardan bəhs edib. 

Daha sonra qiraətçi Jalə Rüstəmli “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabından mütaliənin insana gətirdiyi hərtərəfli faydalar barədə bilgilər verib. Gənc şairlər Aypara Ayxan və Günel Balakişi auditoriya üçün vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. 

Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.

Tədbir foto-sessiya ilə başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.