Malayziyada Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş və kitab təqdimatı keçirilib

Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diaspora ilə iş üzrə Dövlət Komitəsindən məlumat verib.

 

Görüşə Malayziya, İndoneziya, Tailand, Filippin, Vyetnam, Kamboca və Cənubi Koreyadan olan diaspor nümayəndələri qatılıblar.

Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü açıq elan edən Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə soydaşlarımızı təbrik edib, diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirib.

Səfir Elçin Bəşirov Tailandda Azərbaycan səfirliyinin yeni fəaliyyətə başladığını, diaspor fəallarına hər zaman dəstək verməyə hazır olduğunu söyləyib.

Tədbirdə ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında müfəssəl məlumat verilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan Komitə sədri Fuad Muradov dünya azərbaycanlılarının, o cümlədən Cənub-Şərqi Asiyadakı icmalarımızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra  diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub. Elçin Hüseynov Malayziya, Əli Hüseynli İndoneziya, Gündüz Qasımlı və Elşən Bənnayev Tailand, Təranə Babayeva Filippin, Əli Əlizadə Vyetnam, Fuad İmamquliyev Kamboca, Cəmil Vəliyev Cənubi Koreya üzrə AKŞ-nin koordinatorları seçiliblər. bununla da dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı 16-ya çatıb.

Tədbir çərçivəsində malay dilində çap olunmuş Azərbaycan ədiblərinin əsərlərindən ibarət “Ürəkdə yazı” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Malayziya parlamentininQərbi Asiya regionu üzrəDostluq Qrupunun rəhbəri Zahir bin Hassan, Malayziyanın Turizm Nazirliyinin baş katibi Vira Roslan Tan Sri Abdul Rahman, Milli Birlik Nazirliyinin baş katibi Hasnol Zam Zam, Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif, xarici ölkələrin Malayziyada akkreditə olunmuş səfirləri, universitet rektorları və kitabxana direktorları iştirak edib.

Malayziya Tərcümə və Kitab İnstitutunun (Malaysian Institute of Translation & Books) rəhbəri Nur Amin Əhməd çıxışında bildirib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlığın səmərəli nəticəsi olaraq ortaya çıxıb.

Toplantı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” musiqi qrupunun ifaları ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.