Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi qədim keramika sənətini yaşatmaqdadır - EKSKURSİYA Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

Çox gəzən və çox görən həm də çox öyrənər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə  təşkil edilən ekskursiya barədə danışacağam. 

 

Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyırdı. Amma tək bumu? Əlbəttə xeyir. Həm də onları bu qədim sənət növü ilə bilgiləndirirdi. 

Tədbirdə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edirdi. 

Qonaqlara məlumat verildi ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 29 oktyabr 2018-ci ildə Şəkiyə səfərləri çərçivəsində baş tutub. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi qədim keramika sənətinin inkişaf etdirilməsi sahəsində uğurla fəaliyyət göstərməkdədir. 

Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Diqqətə çatdırıldı ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir. 

Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış oldular. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil olundu. 

Qeyd edim ki, ekskursiya şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb oldu və onlarda xoş təəssüratlar yaratdı.

Kim bilir, bəlkə də bu 40-a yaxən şəhid övladı arasından tanınmış bir keramika ustası çıxacaq? 

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.