Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində - Yaşıl zona təqdimat zonasında “Müasir dövrün tarixi romanları” mövzusunda panel təşkil edib.
Moderatorları yazıçı-jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis və yazıçı-kouç, millət vəkili Əlibala Məhərrəmzadə olan paneldə dövrümüzdə yazılan tarixi romanlar saf-çürük edilib, onların tarixilik baxımından əhəmiyyəti diqqətdən keçirilib.
Varisin “Qızıl cib saatı” və Əlibala Məhərrəmzadənin “Atabəylər” romanlarının müzakirəsi ilə paneldə dinləyicilərin fəal iştirakı da təmin edilib.
Moderatorlar vurğulaylblar ki, dünyada tarixi roman janrı hazırda öz intibahını yaşayır, gerçək tarixlə yanaşı feyk-histori - yəni uydirma tarix də bədii ədəbiyyatın mövzu spektrini genişləndirməkdədir. Amma təəssüf ki, ölkəmizdə bu janra diqqət elə də böyük deyil. Sırf bu janrda yazan isə cəmi bir müəllif var - Yunus Oğuz.
Və bu reallaıqda haqqında bəhs edilən hər iki romanın diqqət cəlb etməsi və böyük oxucu auditoriyası qazana bilməsi diqqətçəkən haldır - birinci romanın mövzusu 100 illik dövr ərzində Konstantinopoldan başlayaraq Qararabağadək erməni məsələsidir, ikincinin mövzusu isə 12-ci əsrdə Səlcuqlular imperiyasından qoparaq Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasıdır.
Paneldə müasir tarixi romanların səciyyəvi xüsusiyyətləri, mövzu seçimində prioritetlər, oxucu kütləsinə çatdırılma yolları kimi vacib məsələlərə toxunulmuşdur.
Azərbaycan Ədəbiyyat Fondunun bu sahədə həyata keçirmək istədiyi layihələrdən söz açılmışdır.
Fotolar Bayram Afurcalınındır.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)