MÜQƏDDƏSDİR MÜƏLLİM ADI - Beyləqanda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Beyləqanda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib, bir qrup təhsil işçisi mükafatlandırılıb.

 

4 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb və bağça direktorları, qabaqcıl müəllimləri, müsabiqə qalibləri olan məzunlar, ağsaqqallar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu vurğulayıb. RİH başçısı Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahə ilə bağlı uğurlu siyasətin Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini, yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görüldüyünü diqqətə çatdırıb.

RİH başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində bu şərəfli peşə sahiblərinin də xüsusi rolunun olduğunu vurğulayaraq, müəllimlərimizin təkcə dərs otaqlarında yox, müharibə meydanında da dərs keçdiyini, müharibədə əldə olunan Şanlı Qələbənin səbəbkarlarının da müəllimlərin yetirmələri olduğunu bildirib.

Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə rayon üzrə bir qrup təhsil işçisini Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif edib.

Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov və rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı, müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində keçirilən islahatlardan danışıb, müəllimləri təbrik edərək, cari təhsil ilində işlərində uğurlar arzulayıb. 

Tədbirdə, həmçinin təhsil sahəsində fəaliyyət göstərən şəhid ailə üzvləri və Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları da çıxış edib.

Şəhid kapitan Həmid Həmidlinin anası, ingilis dili müəlliməsi Könül Vəliyeva, şəhid İlyas Nəsirovun həyat yoldaşı, tarix müəllimi Aytəkin Əliyeva və Kəbirli kənd M.Fərzəliyev adına orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Əlisafa Şəfiyev də çıxış edərək müəllimlərin yeni dövrün çağırışlarına uyğun, savadlı, vətənpərvər gənc nəsil yetişdirmək yolunda çətin və şərəfli əməyindən danışıb, bu günki tədbirin həm müəllim peşəsinə, həm də təhsil işçisi olan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər. 

Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.