Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Cəbrayıl! Neçə-neçə igidin ömür payını ömrünə qatan, neçə-neçə anaların gözyaşı axıtdığı, oğul deyə bağrına basdığı diyar! Nə çox dağ çəkildi bağrına, nə çox gözyaşı qurutdun torpağında... Sayı yox, hesabı yox.
Araz çayı üzərində köksündən yaralanan Xudafərin 30 il diz çökmədən, qürurla hər gün yolunu gözlədi. Tağlarını hər gün Araz yudu, gün qurutdu, bağrı yansa da, bağrı çatlasa da, dözdü, dayandı. Sən daha da yara almayasan, sən daha da sınmayasan deyə, Fəridlər, Elçinlər, Şahinlər, Nicatlar, Anarlar bir-birinə sipər olub sənə tuşlanan gülləyə hədəf olub, öz qanları ilə sənin xəmirini yenidən yoğurdu. 33 Cəbrayıl igidi sənin son azadlıq çırpınışlarına qalxan olub taleyini sənin taleyinə bağlayaraq ölümsüzlüyə yol aldı.
Bu gün sənin günündür. Aşıqların ulu babası Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın Vətəninin günü. Yoxluğunun ağrısında ürəyi qubar eləyən mərd oğulların bu hicrana dözməyib başını almış qara buludları şimşək olub doğradı, öz canlarından can qoparıb torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. Başdan-ayağa fəxarət, qürur, şərəf simvolu ilə dolub-daşan bu diyar hər səhər Günəşin al şəfəqlərində öz gücünü qalxan edib Azərbaycanın qanayan yaralarını sağaldır, hər gecə səssizliyə bürünüb, qoynunda yatan yüzlərlə şəhidin qanı sayəsində nəfəs alır.
Xudafərin! Ey aşılmaz körpü! Afərin sənə. İllərlə düşmən tapdağında əzilmədən, qırılmadan güclü qaldın! Qəhrəman ayaqların keçdiyi körpü oldun. Oğulların mərdcə sığındığı, can verdiyi liman oldun! Cənub-Şimal bütövlüyündə mayak oldun! Səndən güc alaraq yazdı igidlərin tarix adlı türkün zəfər dastanlarını, igidlik salnamələrini...
***
Cəbrayıl Kür-Araz və Qədim Şərq mədəniyyətinin qovuşduğu tarixi məkandır. Buradakı mağaralar, siklop tikililəri, daş üzərində müxtəlif naxışlar, qədim yaşayış yerləri, istehkam və qəbiristanlıq qalıqları bunu təsdiq edir. Ərazidə çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusi əhəmiyyət kəsb edir.
Rayon Azərbaycanla İran sərhədində – Araz çayının sol sahilində yerləşir. A.Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Adıgözəlbəy, Məhəmmədhəsən bəy Baharlı və başqaları əsərlərində bu torpaq haqqında zəngin məlumat verir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Cəlil Məmmədquluzadə də Cəbrayılın adət-ənənələri, mədəniyyəti ilə bağlı yazılı ədəbiyyatda fikir bildiriblər.
Deyilənlərə görə, Cəbrayıl tarixi şəxsiyyət olub, Ziyarət dağından Araz çayına qədər torpaqlar da onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs “Cəbrayıl ata” deyilən yerdə dəfn edilib. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adlı məqbərə, Kordubaba dağında məzar və qədim yaşayış yerlərinin izləri günümüzədək qalmaqdadır. Qumlaq, Veysəlli, Alıkeyxalı və Şahvəlli kəndlərinin camaatı da özlərini Cəbrayılın nəslindən hesab edir.
Cəbrayıl igidləri hər zaman vətənpərvərlikləri ilə düşmənə qan uddurublar. Hələ II Dünya müharibəsində 4242 nəfər səfərbərliyə cəlb olunaraq 1672 nəfər döyüşlərdə şəhid olub. Bu döyüşlərdə Cəmil Əhmədov, Mahmud İsmayılov, Balay Səfərov, Fərhad Fətəliyev, Bilal Əliyev, Şahı Hüseynov, Gürşad Şərifov, Dünyamalı Rüstəmov və bir çoxları böyük fədakarlıq göstərərək canlarını Vətən yolunda sipər ediblər.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaranıb. İşğaldan əvvəl ərazisi 1050 kvadrat kilometr, 23 inzibati ərazi nümayəndəliyi olmaqla, 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub. Əhali işğaldan əvvəl üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. İşğaldan əvvəl üzüm bağlarından 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. İşğaldan əvvəl rayonda 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və sair fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat qorunurdu. Tibb müəssisələrində 92 həkim, gənc nəslin təlim-tərbiyəsi və təhsili ilə 1600-dən çox müəllim məşğul olurdu.
Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil, 90 nəfərə yaxın vətəndaşımız isə əsir və itkin düşdü. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan 6 nəfər Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Böyük Qayıdış Cocuq Mərcanlıdan başladı…
2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi düşməndən təmizlənib, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Prezident İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ev, 96 şagird yerlik məktəb və məscid tikilərək istifadəyə verildi və 30 may 2018-ci il tarixdən sakinlər bu kəndə köçürüldü.
Ulu Öndərin də dediyi kimi: “Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.
Zəfər müharibəsindən keçən 44 gün ərzində Cəbrayıl şəhəri, rayonun 90 kəndi Ermənistan işğalından azad olundu. Həmin il noyabrın 16-da Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində səfərdə oldu. Xudafərin körpüsü üzərində, Cəbrayıl şəhərində qalibiyyət rəmzi olan şanlı Azərbaycan Bayrağını qaldıraraq bizə qürur dolu anlar yaşatdı. Bu səfər ermənilərin talan etdiyi Cəbrayılı bütün dünyaya erməni vandalizminin sübutu kimi xatırlatdı.
2021-ci il fevralın 14-də Prezidentin Cəbrayıla növbəti səfəri zamanı 7 min hektarda əkin işləri aparılmasını tapşırdı. Həmin il aprelin 26-da Cəbrayıl rayonuna yenidən səfər edən Prezident rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsinə baxış keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi. 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə dövlət başçımızın növbəti səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası, məktəb binası, çoxmənzilli yaşayış məhəlləsi, Cəbrayıl Memorial Kompleksi və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Ölkə başçısı 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi.
2022-ci il mayın 26-da ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək Soltanlı stansiyasının, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. 1000 meqavat yükötürmə qabiliyyətinə malik olan bu yarımstansiyasının tikilməsi beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində bir prioritetdir.
2023-cü il sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu. 718 mənzildən ibarət Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri, 1833 mənzildən ibarət Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçasının tikilməsi üçün görülən işlərlə tanış oldu. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. 2024-cü il may ayının 19-da Böyük Mərcanlı kəndinin təməli qoyuldu. Və cəmi bir il sonra 2024-cü il Oktyabrın 3-də ölkə başçısı və birinci xanımın iştirakı ilə Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb binasının açılışı, bir çox zavod və fabriklərin təməlinin qoyulması Azərbaycanın əzəli torpaqlarına sahib çıxmaq qüdrəti və siyasi iradəsi olmaqla yanaşı, həm də doğma Qarabağımız uğrunda canından keçərək şəhidlik məqamına yüksəlmiş qəhrəman Vətən oğullarımızın xatirəsinə ən böyük ehtiram idi.
Cəbrayıl! Sən Aşıq Qurbaninin, Humayın, Kərimin keçmiş sazısan! Dilləndirsən susmayan, ürəklərə söz doldurub, köz vuran Dədəm Qorqudun ayaq izi, irs qaynağı, saz yolusan! Azərbaycanın tarix adlı kitabında qayıdışın simvolusan! Qayıdışına qurban olan minlərlə cansan! Hər şeyin başlanğıcı, unudulmazı, əbədi iz yolusan!
Bu gün sənin günündür. Günün mübarək!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)