Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi dünən öz işinə başladı. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Bu gün - ikinci iş günündə də izləyiciləri çox maraqlı tədbirlər gözləyir.
Dünənki günə diqqət etsək, hər şey saat 10.00-da rəsmi açılışla başladı.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə əvvəlcə bədii hissə təqdim edildi.
Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirildi. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olundu. Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğuladı, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu qeyd etdi. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səslədi. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirdi. Sonra qonaqlar sərgi ilə tanış oldular.
Xüsusən, “Qanun” nəşriyyatının stendində rəsmi qonaqlar xeyli yubandılar, çoxsaylı nəfis nəşrlərlə tanış oldular.
Sərginin ilk iş günündə Teas press nəşriyyatı məşhur detektiv yazarı, Xalq yazıçısı Çingiz Abdullayevlə izdihamlı görüş keçirdi. Azərbaycan əsilli yazıçı Fəriba Vəfi ilə “Parlaq imzalar” nəşriyyatının keçirdiyi görüş də maraqlı alındı.
Sərgidə maraqla gözlənilən tədbirlərindən biri də “Yaşıl zona” təqdimat zonasında baş tutdu. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimi keçirildi.
Bu gün də proqram çox zəngindir. Gün ərzində tədbirlərlə bağlı sizləri məlumatlandıracağıq.
Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər. Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək. Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.
Sərgiyə giriş ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)