Könül, “Ədəbiyyat və incəsənət”
Kitabın təbliğatı üçün atılan hər bir addım təqdirəlayiqdir, gözəldir. Növbəti belə bir addım iki tərəfdaş tərəfindən atılıb və bu addım barədə bilgi almaq üçün biz ölkənin nəşriyyat sektorunda kifayət qədər ad eləmiş “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqdən bilgi alırıq:
-“AzerGold” şirkətinin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırıldı. Köşkdəki kitablar isə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən təmin edilib.
Kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitab köşkündə nəşriyyatımızın rəngli klassiklər seriyası, müasir Azərbaycan ədəbiyyatı, uşaq kitabları, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəşrləri, ən yeni kitabları təqdim olunur.
Kitab mağazalarının olmadığını və müasir kitabların kənd kitabxanalarında yer almadığını nəzərə alsaq, bu layihə müasir oxucular üçün önəmli bir hadisədir.
Qeyd edim ki, kitablar rübdə bir dəfə yenilənəcək və istənilən nəşriyyat və şəxs də öz kitablarından köşkə hədiyyə edə bilər.
Fürsətdən istifadə edib bu dəyərli təşəbbüs üçün AzerGoldun rəhbərliyinə, layihə rəhbəri Ariz Tarverdiyevə təşəkkür edirəm! Köşkün hazırlanmasına görə isə Ramin Həsənəlizadəyə və dəstəkləri üçün Azsur şirkətinə minnətdaram!
Arzu edirəm ki, digər böyük dövlət və özəl şirkətlərimiz də bu və ya digər şəkildə kitabın yanında yer alsınlar, kitaba dəstək üçün addımlar atsınlar.
Biz də özlüyümüzdə Nurman bəyin fikirlərinə qoşulur, hər kəsi kitabçılığın və mütaliənin dəstəyinə dəvət edirik!
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)