Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və sektor müdiri Xəyal Məmmədov, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu və Rami Kitabxanasının rəhbəri Ali Çelik arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Mərkəzindən verilən xəbərə görə, Rami Kitabxanasında baş tutan görüş zamanı Azərbaycan-Türkiyə kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi və kitabxana işi sahəsində qabaqcıl təcrübələrə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müasir kitabxanaçılıq xidməti, “canlı kitabxana” anlayışı ilə İstanbulun elm, incəsənət və mədəni həyatının mərkəzlərindən birinə çevrilən Rami Kitabxanası gələcək nəsillər üçün elm mənbəyi olmaqla yanaşı, qədim bilikləri müasir tədqiqatlarla bir araya gətirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Rami Kitabxanasının müdiri Ali Çelik arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, burada Azərbaycan klassiklərinin nəşrlərinin təqdimatı və sərgilərin təşkilinə dair razılıq əldə olunub.
Görüşdən sonra kitabxana ziyarət edilib. Özünəməxsus prinsiplər əsasında fəaliyyət göstərən bu elm ocağında təşkil olunan müasir oxu zalları, nadir kitablar fondu, qədim nüsxələrin bərpası prosesi ilə tanışlıq olub.
Qeyd edək ki, 250 illik tarixə malik keçmiş Rami kazarmasının binasında yerləşən kitabxana Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan əsaslı yenidənqurma işlərindən sonra ölkənin ən böyük canlı kitabxanası olaraq 2023-cü ilin yanvar ayında fəaliyyətə başlayıb.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)