Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
AzərTAC xəbər verir ki, əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümünün tamam olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür: “1995-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında Fərman imzalayıb. 2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 16-cı dəfə gerçəkləşir”.
Nazir müavini vurğulayıb ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festival çərçivəsində Bakı, Şuşa, Gəncə, Şəmkir və Naxçıvanda irihəcmli tədbirlərin, eyni zamanda, bütün ölkədə silsilə tədbirlərin təşkili planlaşdırılır. Tədbirlər çərçivəsində açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri keçiriləcək. Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya, Koreya Respublikası, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) Simpoziumu təşkil olunub. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: Türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” mövzusunda müzakirə və panellər keçirilir”.
Səadət Yusifova söyləyib ki, bu ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən festivalın xəritəsinə mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin də əlavə olunmasıdır: “Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ifasında Şərqin ilk muğam operası - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u nümayiş olunacaq, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan konsert təşkil ediləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, onların qəlbində silinməz iz qoyacaq”.
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Firuzə” operasından “Firuzənin ariyası”, xor və orkestr üçün “Bahar nəğməsi”, bariton, xor və orkestr üçün “Kantata”, “Milli marş”, “Cəngi” rapsodiyası, Süleyman Ələsgərovun “Eşq olsun sənətkara” balladası, Musa Mirzəyevin “Böyük ustada ithaf” poeması, Ərtoğrol Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiyası (orkestr üçün işləyəni Ayaz Qəmbərli), Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, Vasif Allahverdiyevin “Aşıqsayağı” (əsər Üzeyir bəyə ithaf olunur) və Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)