Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa ilə qardaşlaşmış Xivə şəhərində “Şuşa günləri” keçirilib.
Dövlət Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, keçirilən tədbirlər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb, qardaşlaşmış iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparıb, sonra tarixi “İçən Qala” ərazisində şəhər gəzintisinə çıxıblar.
Sonra Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüş keçirilib. Görüşdə 1938-1940-cı illərdə bu universitetdə müəllim kimi fəaliyyət göstərən yazıçı, ictimai xadim Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması barədə ətraflı danışılıb. Aydın Kərimov tarixi Şuşa şəhərində aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.
Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V.Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib. Tələbələrin ifasında kiçik konsert proqramı nümayiş etdirilib.
“Şuşa günləri” “İçən Qala”da maraqlı tədbirlərlə davam edib.
“Şuşa - dünən və bu gün” adlı fotosərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib.
Tədbirdə təqdim edilən XVIII-XIX əsrlərə aid "Qarabağ milli geyimləri" maraqla qarşılanıb. Kolleksiyada əsasən Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları sərgilənib.
Özbəkistanda olan müxtəlif ölkələrin səfirləri, Xivə şəhərinin hakimi Temur Davletov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Nümayəndəliyin və Qoruğun əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Xalq və Əməkdar artistlərinin ifasında Qarabağı, Şuşanı tərənnüm edən möhtəşəm konsert proqramı alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı təqdim etdiyi rəqs nümunələri ilə milli rəqslərimizi bir daha dünyada yüksək səviyyədə tanıdıb.
Qeyd edək ki, 2023-cü il fevralın 24-dən etibarən Şuşa ilə Xivə şəhəri qardaşlaşmış şəhərlərdir.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)