Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti ölkədə ciddi etirazlara səbəb olub.
O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişdirməyə razılıq verib.
Azxeber.com saytına açıqlama verən "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məsələyə kəskin iradını bildirib:
"O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları o komandanı oraya göndərən dövlət qurumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərənlər açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib".
T.İmanov daha sonra əlavə edib: "İnandırım sizi, bunu bizim "Parni İz Baku"ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biyabır etdi, bu da ikincisi oldu".