“Peyğəmbərin Beyləqana yaz vaxtı gəldiyi deyilir…” - BEYLƏQAN BARƏDƏ BİLMƏDİKLƏRİMİZ Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan bölməsi

 

Beyləqan Azərbaycanın qədim, ulu diyarlarındandır. Dəfələrlə zülmlərə sinə gərən, müharibələr, qiyamlar görən qədim bir diyar əsrlər boyu bütün bu olanlara müqavimət göstərmiş, bəzən qismən yer üzündən silinmiş, ancaq yenidən özündə qüvvə taparaq mübarizə aparmışdır. Adının tarixdə dəfələrlə dəyişməsi, mənbələrdə müxtəlif formalarda göstərilməsi bu şəhər haqqında bütün deyilənləri özündə doğruldur. İndi isə bu qədim oğuz yurdu ilə tanış olaq.

 

Ərəb mənbələrinə istinadən Beyləqanın ən azı, III–IV əsrlərdən yarandığı bildirilir. Əsası isə 488-ci ildə Sasani hökümdarı I Qubad (473–531) tərəfindən qoyulduğu yazılır. Bu adı müxtəlif formalarda izah edirlər. Belə ki, bəzi mənbələrdə Beyləqan (Paytakaran) – “düzənlik”, “çöl” (Altay dillərində “pilə” düzən, açıq yer və “qan” yer), ağacların olduğu yer, məkan, “payt” – ağac, “kan” yer, “çoxlu meşə olan yer”, palan isə eyniadlı tayfanın yaşadığı yer, “kaspi tayfasının yaşadığı yer”, digər fikirlərə əsasən, “Aranın paytaxtı” (fars dilində paytaxt və Aran sözlərinin birləşməsi ilə) “yerli Alban tayfalarında birinin yaşadığı məkan” “palan (balay) tayfasının yaşadığı yer”, fars sözü – “Biləkan”, “bel tayfasının yaşadığı yer” kimi izah olunur. Başqa müəlliflərə görə bu ad türk mənşəlidir. Azərbaycanlı etnoqraf, arxeoloq, folklorşünas Ələsgər Ələkbərova (1891–1939) görə Paytakaran, Beyləqan və Biləkan eyni şəhərin adıdır. Fars müəlliflərinə görə Örənqala şəhəri yerin altında qalan Bilaqanda gizlənir. Örənqala və Paytakaran adlarının Aranla bağlı olduğu yazılır. Başqa mənbələrdə isə Bey-bəy-baq – Tanrı, farscadan yəni “Tanrı şəhəri” kimi qeyd olunur. 

İkinci variantı: Beyləqan sözünün birinci komponenti “Bil” – qədim Azərbaycan dilində xeyirli, şəfa verən bitki, ikinci komponent “kand” isə bildiyimiz kimi, şəhərə deyilib. Belə ki, Beyləqanın yerləşdiyi Mil düzünə İluçuq  – Ənçərək düzü də deyilib. Bu da işıqlı, otlu-sulu, bərəkətli yer deməkdir.

Bu deyilənlərin sübutu olaraq qeyd etmək olar ki, Beyləqan ta qədim zamanlardan bərəkətli, bol verimli torpaqlar olmuşdur. "Yovşanlı torpaqlar" ifadəsi heç də əbəs deyildir. Yovşan bu torpaqların simvolu sayılır. Beyləqanda ən çox bitən yabanı, ancaq eyni zamanda şəfalı bitki elə məhz yovşandır. Bilirik ki, türk dünyasını xarakterizə edən, onun simvolu sayılan əsasən at olmuşdur. Bu haqda müxtəlif mənbələrdə məlumatlar var, bununla bağlı sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovanın “Türk xalqlarının musiqisi” adlı kitabında da məlumat verilir. Tədqiqatlar zamanı ədəbiyyat nümunələrində at və yovşan haqqında müxtəlif fikirlərə rast gəlirik: “Türklərə at və yovşan əziz olub”, “Yovşan bizim nəslin qanına hopub” və s. Bu kimi ifadələr oğuzların, yəni boyatlardan olan beyləqanlılara da şamil etmək olar. Belə ki, Beyləqan adının Bilaqan kimi təhrif olunması bütün deyilənləri təsdiq edir. 

Beyləqan Mildüzü rayonlar qrupuna daxil olmaqla orta Kür iqtisadi rayonuna aid olunur. Aparılan arxeoloji qazıntılara, memarlıq abidələrinin yaşına əsasən bu diyarın 6000 ildən çox yaşı olduğu qənaətinə gəlinir. 40 hektar ərazidə yerləşən Aranın incisi sayılan Beyləqan, yerli sakinlər tərəfindən Örənqala adlandırılıb. Örənqala – yəni örənləşmiş məkan. Hətta xalqın maddi-mənəvi mədəniyyət abidəsi hesab olunan bu qalanı Beyləqan hökümdarı olmuş Əbu Musa (?–854) zamanında “Açıq muzey” olmasını istəyib. Xilafətin inkişaf etmiş mahallarından biri olan bu şəhər, karvan yolları üzərində yerləşmişdir. Buraların özünəməxsus ədviyyatları, şirniyyatları var idi ki, bu da Yaxın Şərqdə çox məşhur idi. Bundan başqa beyləqanlılar digər sənət növlərindən dulusçuluq, qoyunçuluq, əkinçiliklə məşğul olmuşlar. Şəhər özünün məşhur “Sənətkarlar məhəlləsi” ilə tanınıb. Beyləqanda 35-dən çox sənət növü mövcud olduğu məlum olur. XIII əsrin əvvələrində Beyləqan kürələrində hazırlanan şirəli və şirəsiz məmulatlar, şüşə qablar, uzaq ərazilərdə şöhrət tapıb. Bəzi kasa qab küplər üzərində ornamentlər, süjetli bir əsərdən xəbər verdiyi qeyd edilir. Hər bir duluscunun və şəhər sənətkarlıq məhəlləsinin möhürü mövcud olmuşdur. Əşyalar üzərində ştamplama vasitəsilə “Fəzlun Beyləqanda hazırlanıb” möhürü vurulurdu. Həm də Beyləqan duluscuları – Əhməd, Səid, Əli, Həmzə şairlərin şeirlərini, sözlərini düzəltdiyi qabların üzərinə yazırdılar. Bundan başqa Atabəylərin pul sikkəxanalarından birinin də Beyləqanda olduğu barədə Asif Cəfərlinin “Beyləqan salnaməsi” kitabında yazılmışdır. 

Adını qeyd etdiyimiz kitabda dəfələrlə oğuzların adına rast gəlinir ki, bu da Beyləqanın oğuz eli olmasını təsdiqləyir. Asif Cəfərli qeyd edir ki, “Quyruq donanda” oğuzlar Arana, Beyləqana enərmişlər. Bura oğuz türklərinin qışlaq məkanı sayılardı. Oğuzlar Haramıda payız düşəndə yarışlar təşkil edərmişlər ki, fərqlənənlərə Dədə Qorqud ad verərmiş. Bildiyimiz kimi, Dədə Qorqud bayat adlanan qəbilədən idi. Bayat qəbiləsi də Beyləqandan bir az aralıda yerləşib. Yuxarıda qeyd etdiyimiz Haramı sözünün etimoloji açıqlaması belədir; ucu-bucağı görünməyən yer. Bundan başqa Xan qızı Natəvanın (1832–1897) da Beyləqanla adı bir çəkilir. Beyləqan salnaməsindən aldığımız məlumata əsasən Xurşidbanu Natəvanın Beyləqan ətrafında xeyli torpaqları olub. Vaxtilə buraya Arazdan su çəkdirib. Xan qızının buraya gəlməkdə məqsədi Mil düzünə, Beyləqana arx çəkdirmək olub. Hətta su çəkilmə zamanı çatışmayan pulla qır-qızılını satıb pula çevirib ki, bu torpaqlar susuz qalmasın. Elə bu cəsarətinə görə camaat yığışaraq bu arxa “Xan qızı” adını verib. 

Bundan başqa Beyləqanda “Pərilər bulağı” da var. Bu bulaq haqqında isə belə rəvayət olunur ki, deyilənə görə həmin bulağı Nizami Gəncəvi (1141–1209) buradan keçərkən görüb, suyunu içib və “Pərilər bulağı” adlandırıb. Həmin bulaq hazırda Xalacda hələ də var.

Adı tarixdə dəfələrlə dəyişən Beyləqan 1989-cu ilədək Sovet işğalının təzahürü olaraq Jdanov adlanmışdır. Bu barədə bir neçə mənbədə qarşılaşsaq da, Beyləqan şəhər Dövlət arxiv idarəsinə müraciət edərək bu məlumatın doğruluğunu təsdiq etmək istədik. Arxiv sənədlərdə Azərbaycan Ali Sovetinin qərarına əsasən Jdanov rayonunun adı 19 mart 1989-cu ildən dəyişdirilərək Beyləqan adı verildiyi göstərilir.

Beyləqanlılar dinə bağlı, imanlı, inanclı, təriqətli insanlardır. Azərbaycanda yeganə Peyğəmbər məzarı var ki, o da məhz Beyləqandadır. Həmin məzar isə bu gün ziyarətgaha çevrilmişdir. Bununla bağlı müxtəlif mənbələrdən məlumat əldə etmişik. Onlardan biri yenə Xan qızı Natəvanın adı ilə bağlı olmuşdur. Asif Cəfərli yazır: “Doğrusu mənim bir istəyim var. Çox fikirləşəndən sonra qərara gəldim ki, bu istəyimi sizinlə böləm. Bu torpaqda “Tək saqqız kimi” elatlıların bir piri var.  Bu torpaqda həzrəti Cərcis Peyğəmbər uyuyur. Mən çox istərdim Qarabağın bu ərazilərdə yaşayan hacı və bəyləri elə Peyğəmbərlərin qəbri üstündə bir məqbərə ucaltsınlar. Bu, nəinki elatlar üçün, hətta ətraf ərazilərindəki adamlar tərəfindən yaxşı qarşılanar”. Bu ziyarətgahın tikintisində Təbrizdən ustalar gətirildiyi də bir çox mənbələrdə qeyd olunur. Ziyarətgahı Hacı Qurban və oğlu Hacı Qulu inşa etdiyi deyilir. 

Beyləqan salnaməsində şəhərin mərkəzində ucalan Mil-Minarədən də söhbət açılır. Minarənin 3 mərtəbədən, bu mərtəbələrin isə müxtəlif məqsədlər üçün istifadə olunmasından bəhs edilir. Üç hissədən ibarət olan Minarənin aşağı, 1-ci hissəsi mədrəsə kimi istifadə edilib. Burada vəqf və dünyəvi elmlər tədris olunub. Yuxarı hissə gözətçi məntəqəsi, son mərtəbədə isə məşəl yandırılaraq gedib-gələn karvanlara yol göstərmək məqsədi daşıyıb. Əlbəttə ki, minarə varsa, demək bu minarədən azan səsi də ucalıb.

Araşdırmalar zamanı Mil-Minarənin adına daha bir ədəbiyyat nümunəsində rast gəldik. Bu, Asif Cəfərlinin “Beyləqan fədailəri” adlı romanıdır. Əsər Beyləqanlı Xəlilin 794–795-ci illərdə xilafətə qarşı apardığı azadlıq uğrunda gedən mübarizəsindən bəhs edir. “Beyləqan fədailəri” tarixi romandır, olaylar aydın şəkildə göstərilmişdir. Həmin romandan bir məqamı təqdim edirik: “Minarədən oxunan azan insanın ruhuna hopub, adamı rahatlaşdırırdı. Elə ki şam namazı başa çatdı, şam yeməyinə başlanıldı. Şam yeməyindən sonra əllərini gülablı su ilə yudular. Sarandələr, (burada sazəndə olaraq nəzərdə tutulub, texniki səhvdir – A.B.) rəqqaslar çalıb-oynamağa başladı. Gecə yarıya qədər şənlik davam etdi. Musiqi sədaları altında elçilər yuxuya getdi. Səhərə yaxın yenidən azan oxundu”.

Araşdırmalarımız onu təsdiq edir ki, Beyləqan hələ V əsrdən bina olunub. Sonralar yadelli işğalçıların hücumları, qarət və talanları nəticəsində yer üzündən silinib. Kəbirli kəndi yaxınlığında olan “Örənqala” qədim Beyləqanın qalıqları olan ərazidir. Ona görə “Örənqala” adlanır ki, burada əsrlərlə həyat susmuş, məkan örənləşmişdir. Bununla belə zamanla şəhər can tapmış mədəniyyət dirçəlmiş və inkişaf etmişdir. 

Qədim Beyləqan həm də Peyğəmbərlər torpağı, müqəddəs diyardır. Dahi filosof Hegel (1770–1831) din haqqında belə qeyd edir. “Din insan ürəyinə ən yaxın olan ideologiyadır”. Bu, tarixən belə olub. Bütün dövrlərdə insanların inancı, təriqətləri olmuşdur. Beyləqan tarixindən danışanda isə Həzrəti Cərcis Peyğəmbərdən danışmasaq, tədqiqatlarımızı bu yöndə aparmasaq olmaz. Cərcis Peyğəmbər haqqında rəvayətlər olduqca çoxdur. Bununla bağlı apardığımız araşdırmalar zamanı həm oxuduğumuz ədəbiyyatlardan, həm din xadimləri, ruhanilərdən bilgilər əldə edərək yazı işimizə daxil etdik. Türbənin yaranmasından əvvəl Cərcis Peyğəmbər haqqında ətraflı məlumatları təqdim edək. Məlumdur ki, din elə bir mövzudur ki, tarixi də çox qədim zamanlara dayandığı üçün faktlarla sübut etmək təbii ki absurddur. Yazımızı rəvayətlərlə əsaslandırmaq qərarına gədik. Əvvəla qeyd edək ki, Cərcis öz missiyası olan təkallahlığı təbliğ etmək üçün Beyləqana gəldiyi bildirilir. Hətta bəzi mənbələrdə türk mənşəli olduğu da bildirilir. Elə buna görə təkallahlığı türkdilli ölkələrdə təbliğ etdiyi yazılır. Bu, əsasən Mosul, Qafqaz ölkələri, Beyləqan torpağı hesab olunur. Digər mənbələrdə isə Həzrət Cərcis ibn Anaq ibn Xosrov miladi tarixi ilə 315-ci ildə Fələstində anadan olduğu yazılır. Ona peyğəmbərlik Allah-taala tərəfindən 16 yaşında verildiyi deyilir. 77 il ömür sürən, 14 dəfə ölüb-dirlən, Beyləqan torpaqlarında 50 ildən artıq yaşamış Cərcis, Peyğəmbərlik adını da Beyləqanda almışdır. Səmədxan Beyləqanlının “Həzrət Cərcis Peyğəmbər” kitabında Peyğəmbər haqqında geniş məlumatlar və rəvayətlər toplanmışdır. Təəssüf hissi ilə vurğulayırıq ki, müəllifin 40-a qədər bədii və publisistik yazıları olsa da, elmi adının olmaması, yazılarında ədəbiyyat siyahısını qeyd etməməsi, bizim həmin mənbələrə dəqiqliklə çata bilməməyimiz işimizi bir qədər çətin etsə də, hətta bəzən kitabdakı məlumatlarla din xadimlərinin mülahizələri üst-üstə düşməsə də, yenə araşdırmağa davam edib, elmi işimizdə Həzrət Cərcis Peyğəmbər barədə məlumatlar əldə etdik və burada da musiqi məqamı axtarmağa davam etdik. Çünki bilirik ki, harda din varsa orda inam var, harada minarə, məscid varsa, orda azan var. Azan da ahənglə ifa olunaraq insanları ibadətə çağıran dini musiqidir. Bu tarixi Beyləqan torpaqlarında əsrlərdir ki, minarələrdən azan sədası kəsilmir. Azan varsa, demək musiqi var. 

Bu məqamda bizim tərəfimizdən notlaşdırılaraq yazıya alınan “Azan” barədə də danışaq. Bu nümunəni beyləqanlı xanəndə Məhəbbət Səfərovun ifasından mən nota almışam. (şəkildə)

İndi isə istərdik ki, türbə və onun yaranmasına dair tapıntılarımız haqda məlumat verək. Bəzi ədəbiyyatlarda bu türbənin xan qızı Natəvanın adı ilə bağlı olması göstərilsə də, digər mənbələrdə isə beyləqanlı Hacı Qulu tərəfindən yaradıldığı qeyd olunur. Ancaq onu da vurğulamaq istəyirik ki, Həzrət Cərcis Peyğəmbərin məzarını qədim Beyləqandan şərq tərəfdə olduğunu ilk dəfə Həzrət Əli (ə) (598–661) söylədiyi və onunla görüşə gəlmiş Beyləqan zəvvarlarına istinaq verdiyi qeyd olunur. Beyləqan tarixinin ən ağır dövrləri, hətta yer üzündən silinməsi buraya talan, qarət məqsədi ilə gələn Monqol-Tatar qoşunlarının gəlişi ilə bağlıdır. 1221-ci ildən əsrlərlə bu torpaqlar sükunətə qərq olmuşdur. Elə bu dövrlərdə yer üzündən silinən tarixi məkanlardan biri də peyğəmbər məzarı olmuşdur. Sonra zamanla Aşıqlı Elatının ağsaqqalı II Hacı Qurban kişi peyğəmbərin məzarını tapıb yerində kümbəz tikdirmişdir. Hacı Qurban dünyasını dəyişdikdən sonra onun oğlu Hacı Qulu atasının vəsiyyətinə əməl edərək 1913–1915-ci illərdə Həzrəti Cərcis Peyğəmbərin məzarı üstündə məscidə bənzər tarixi türbə inşa etdirmişdir. Cərcis Peyğəmbərin adı yunanlara görə Cərcis, romalılara görə Georgis kimi ifadə olunur. Bundan başqa Cərcis sözünün gürcülərdən gəldiyi və xristian dininə mənsub olduğu mülahizələri irəli sürülür, lakin bu həqiqəti əks etdirmir. Cərcis Peyğəmbərin Beyləqan torpağına gəlməsi ilə bağlı bir neçə rəvayət deyilir. Bunlardan biri Səmədxan Beyləqanlının “Oğuz yurdum Beyləqanım” kitabında da rast gəlinir. Ərəb alimi Təbərrüntün (838–923) kitabında Cərcis Peyğəmbərin Fələstinli olduğu yazılır. Hələ bizim eradan əvvəl təkallahlığı təbliğ etməsi üçün Suriyanın Dəməşq şəhərinə göndərirlər. Orada bir müddət qaldıqdan sonra Arazboyu şəhərlərdə islamı tanıtmaq üçün bu ərazilərə getməsi bildirilir. Peyğəmbərin Beyləqana yaz vaxtı gəldiyi deyilir. Ocaq yandırıb, üzərindən tullandığını görən Cərcis Peyğəmbər həmin insanlara yaxınlaşaraq həmin odu, ocağı bizə bəxş edən Allaha inanmaqlarını bildirmiş, onun varlığından danışmışdır. Ancaq peyğəmbərin həyatı o qədər də rahat keçməyib. Belə ki, dəfələrlə əzab-əziyyətə düçar olmuşdur. 

Türbənin yaranması ilə bağlı da bir neçə mülahizələrə rast gəlmək olur. Bunlardan istər Xan qızı Natəvanın, istərsə də Hacı Qulunun adı ilə bağlı olsun, nəticədə yaradılmış olan bu məqbərə bu gün ziyarətgaha çevrilərək insanların pənah gətirdiyi ocaq olmuşdur. Bura ölkənin hər yerindən ziyarətə gəlib hətta gecələyirlər. Arzular tutub, dualar edir, namaz qılıb, niyyət yaylığı atırlar. Türbənin ortasından mərkəzə doğru zəncir uzanır ki, bu zəncir niyyət edilib atılan yaylığı tutarsa insanın arzusunun hasil olacağı anlamını daşıyır. Yox əgər tutmazsa, demək həmin arzu çin olmaz. Eyni zamanda insanlar bu ziyarətgahda qurbanlar kəsib paylayarlar. Xəstə insanlar burada şəfa tapar, nəzirlər deyərlər. Türbənin xarici hissəsinin divarlarında cürbəcür dualar, yalvarışlar yazılmışdır. Bu, insanların arzu tutaraq türbənin ətrafına üç dəfə dolanarkən yazdığı yazılardır. İnanclardan daha birisi isə ziyarətgahı tərk edərkən arxası üstə çevrilib getmək günah sayılar. Buna görə ya arxa-arxaya, ya da dizin-dizin sürünərək tərk olunar. 

Türbənin ətrafında qədim başdaşıları, qəbirlər mövcuddur. Bundan başqa türbə ilə eyni ərazidə Həzrəti Cərcis Peyğəmbər məscidi də vardır. Bu məscid 2010-cu ildə Hindarxlı Hacı Adil Qardaşxan oğlu tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Müasir memarlıq abidəsi olan məscid iki minarədən ibarətdir. Qədim Beyləqan yurdunda Peyğəmbər məzarı yerləşdiyi üçün bur torpaqlar həm də Peyğəmbər torpağı da adlanar. Buna görə də buraların xeyir-bərəkəti hər zaman bol olar, məhsul yaxşı olar. İnsanlar inanar ki, haraya fəlakət, zərər, ziyan gəlsə də Peyğəmbər torpağından qada-bəla yan keçər. Eyni zamanda alqışlar, dualar edilən zaman “Peyğəmbər torpağı səni qorusun” deyilər. 

Beyləqanın Peyğəmbər torpağı olması həm də təkcə Cərcis Peyğəmbərin adı ilə bağlı deyil, eyni zamanda Cərcis Peyğəmbərin vəfatından sonra daha üç peyğəmbərin də gəldiyi rəvayət olunur. Onlar da qətlə yetirilərək elə burada dəfn olunmuşlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.