Laçında dağların nəfəsi – poeziya saatı

Laçın Şəhəri Günü tədbirləri çərçivəsində tanınmış laçınlı şair-tədqiqatçı İlham Qəhrəmanın yeni nəşr olunan "Laçın - 100" ədəbi antologiyası kitabının təqdimatı və poeziya saatı təşkil olunub.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.

 

Bildirilib ki, toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 illiyinə (1924-2024) həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığıyla açılır.

 

Diqqətə çatdırılıb ki, tərtibçinin axtarışlarının sayəsində XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (Suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi aşıq və şairlərin şeirlərindən nümunələr də kitabda yer alıb.

 

Daha sonra müasir laçınlı şairlərinin və musiqiçilərinin çıxışlarından ibarət "Poeziya dəqiqələri” keçirilib.

 

Doğma yurdumuz barədə səsləndirilən şeirlər Laçın sakinləri tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.