Könül, “Ədəbiyyat və incəsənət”
Bəli, günümüzdə insanların kitabdan uzaqlaşmaları ən ağrılı məsələdir, bununla bağlı bütün cəmiyyət hərəkətə gəlməlidir.
Yaxşıdır ki, Mədəniyyət Nazirliyi bu mövzunu prioritet hesab edir.
“Kitab Evi” İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin sonuncu tədbirini 03 avqust 2024-cu il tarixində Sumqayıt şəhərində Əli Kərim adına “Poeziya Evi”ndə həyata keçirdi.
“Poeziya Evi”nin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı ev sahibi qismində tədbiri açdı və lahiyə barədə qısa məlumat verdi.
Sonra söz layihə rəhbəri Adilə Nəzərovaya keçdi, o, mövzu ilə bağlı geniş şəkildə çıxış etdi.
Adilə xanım çıxışında qeyd etdi:
-Bizim cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmış keyfiyyətli təhsilin təmin olunması üçün, yüksək intellektual səviyyəyə və praktiki işləmə qabiliyyətinə malik, müasir standartlara uyğun bilik və dünyagörüşünə sahib olan, dildə və informasiya axınında çeviklik bacarığı formalaşan kadrların hazırlanması üçün mütaliə mədəniyyətinin inkişafı vacib şərtlərdəndir. Mütaliə mədəniyyəti mövzusu bir layihə ilə bitən deyil, bundan sonra da müzakirə proqramlarına salınacaq, sosial məsələ kimi gündəmdə saxlanılacaqdır. Oxu vərdişini cəmiyyətdə yaymaq və onu ümummilli oxu mədəniyyətinə çevirmək üçün özəl sektorun və bütün maraqlı tərəflərin, xüsusilə dövlət və ictimai qurumların bir araya gəlməsi bu və bu kimi layihələrin davamlılığını təmin etməsi diqqətdə tutulacaqdır. Və mən ümid edirəm ki, bu layihənin problemin həllinə xüsusi faydası olacaqdır.
Layihə üzrə təlimçi Həcər Paşayeva bildirdi ki, cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün belə layihələrnin həyata keçirilməsi olduqca önəmlidir. Gələcəkdə məhsuldar cəmiyyət yaratmaq üçün bugünkü “torpağa” mütaliə mədəniyyətinin toxumlarını “əkməliyik” ki, bu, problemin həllinə yüksək səmərəlilik və tərəqqi gətirəcəkdir.
Tədbirdə tanınmış şair Yusif Nəğməkar da iştirak editdi və layihə barədə o da müsbət fikirlər söylədi. O, Mədəniyyət Nazirliyinə və təşkilatçılara təşəkkürünü bildirdi.
Sonra tədbir iştirakçılarından orta məktəb şagirdlərindən bədii qiraət müsabiqəsinin iştirakçıları şeir oxudular.
Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylandı. Ümumilikdə layihə və tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və davamlılığı arzulandı.
Kitab hər kəsin ən yaxın dostudur. Bunu hamı bilməlidir!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)