Könül, “Ədəbiyyat və incəsənət”
Həftəsonu şəhid övladları üçün əsl bayrama çevrildi. Heydər Əliyev Mərkəzində və Hyatt Recensi oteli ərazisində, eləcə də paytaxt küçələri boyunca uşaqlar bol gəzdilər, əyləndilər, qidalandılar, hədiyyə aldılar.
Avqustun 2-də Fire Land Production şirkətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Turizm Agentliyi, Hyatt Regency oteli və AzFit şirkətinin təşkilati dəstəyi ilə təşkil olunan tədbirə Azərbaycanın regionlarından 200 nəfərdən çox şəhid uşağı təşrif buyurmuşdu.
Bayram Heydər Əliyev Mərkəzində saat 11-də başladı. Burada tanınmış aparıcı Elvin Mərdanov şəhid ailələrini Mərkəzin əməkdaşları adından salamladı, onlar üçün ekskursiya təşkil edildi. Mərkəzin əməkdaşları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolunu, zəngin irsini və ölkə qarşısında çoxsaylı xidmətlərini əks etdirən ekspozisiya və fotostendləri nümayiş etdirdilər. Sonra dəvət olunmuş animatorlar uşaqları əyləndirdilər.
Daha sonra DİN əməkdaşları tərəfindən müşayiət olunan xüsusi avtobuslarla uşaqlar şəhər ekskursiyasına çıxdılar.
Sonra, planlaşdırıldığı kimi, tədbir Hyatt Regency-də hovuz kənarında əyləncə, bayram süfrəsi və böyük konsertlə davam etdi.
Üçüncü dəfə Hyatt Regency-də keçirilən bu tədbir hər dəfə xüsusilə cəlbedicidir. Şəhid uşaqlarının əhatəsində hovuz kənarında keçirilən gün bir çox unudulmaz anlarla yadda qaldı və düz axşam saat 11-ədək davam etdi.
Tədbirin qonaqları sırasında dövlət və hökumət rəsmiləri, ziyalılar, qazilər, şəhid anaları, media təmsilçilərinə rast gəlinirdi.
Tədbirin rəsmi hissəsi “Mənim Şuşam" xorunun ifasında Azərbaycan himninin ifası ilə başladı. Bütün iştirakçılar, o cümlədən tədbir qəhrəmanı olan uşaqlar da himni oxudular.
Sonra tədbirin aparıcısı, tanınmış aparıcı Lalə Azərtaş sözü qonaqlara verdi, Mədəniyyət Nazirliyinin nümayəndəsi Cahangir Səlimxanov, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Həbib Məmmədov, APA media qrupunun rəhbəri Vüsalə Mahirqızı və Fire Land Production-un rəhbəri Cəlal Qurbanov çıxış edərək şəhidlərin övladlarına ürək sözlərini və ən xoş arzularını çatdırıdılar.
Tədbirin təşkilatçısı, şəhid övladlarının ən yaxın dostu Cəlal Qurbanov söylədi:
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır " layihələri bizləri bir ailədə birləşdirib, onun əsasında Vətənə sevgi, şəhid uşaqlarına diqqət və qayğı, şəhidlərimizin varisləri qarşısında məsuliyyət dayanır. Vətənimizin hər bir bölgəsində şəhidlər vardır ki, Vətən uğrunda canlarını fəda etmişlər. Biz onları hərarət, sevgi və diqqətlə əhatə etməli, tək olmadıqlarını və tək olmayacaqlarını, həmişə yanlarında olacağını bildirməliyik. Vətən sevgisi "Mənim atam qəhrəmandır" və “Mənim oğlum qəhrəmandır" layihələrinin iştirakçılarını birləşdirir. Həyatını qurban verənlərə verdiyimiz sevgi, onlara olan borcumuzdur. Biz yaralı ürəklər üçün şəfa olmalıyıq. Bu insanlar qürurlu və şərəfli bir ad daşıyırlar. Onlar üçün etdiyimiz işlər Prezident İlham Əliyevin "şəhidlərin əzizlərinə xidmət etmək hər bir azərbaycanlının borcudur" sözləri qarşısında öhdəliyimizdir. Şəhidlərimizə layiq olmağın yeganə yolu bu torpaqda onların miraslarını sülh, sevgi və mərhəmət hissi ilə ucaltmaqdır. Kədər, sevinc və xoşbəxtliyi biz onlarla birgə paylaşdıq və paylaşacağıq."
İkinci Qarabağ müharibəsi veteranları Polad Rzayev, Kamran Baxışzadə, Sabir Dünyamalıyev, İntiqam Əkbərov öz xatirələrini bölüşdülər, şəhid uşaqlarına öz şanlı yolları barədə məlumat verdilər.
Daha sonra tədbirin musiqi hissəsinə start verildi. Tədbirdə müğənnilər Azad Şabanov, Nadir Rüstəmli, Murad Arif, Mirələm Mirələmov, Zamiq Hüseynov və “Mənim Şuşam"xorunun kollektivi hər kəsə xoş anlar bəxş etdi.
Xüsusən Zamiqin ifasında Cəlal Qurbanovun bəstələdiyi “Mənim atam qəhrəmandır” mahnısı böyük coşqu yaratdı.
Tədbir günü 29 şəhid övladı öz ad gününü qeyd edirdi. Tədbirin təşkilatçıları bu günü onlar üçün yaddaqalan etdilər. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və millət vəkili Ülvi Quliyev şəhid uşaqlarını ad günü münasibətilə təbrik edib onlara hədiyyələr təqdim etdilər.
Ad günü olanlar öz tort şamlarını üfürdülər, yallı getdilər.
Tədbiri yekunlaşdıran Cəlal Qurbanov Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Daxili İşlər, Müdafiə və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin əməkdaşlarına, eləcə də musiqiçilərə şəhid ailələrinə daim diqqət, qayğı və hörmət göstərdiklərinə görə təşəkkürünü bildirdi.
Qeyd edək ki, son 4 ildə "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində Hyatt Recensi oteli ilə yanaşı Şuşa şəhəri dövlət qoruğun, Dreamland Qolf Klubu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi, "Şahdağ" İstirahət Mərkəzi və s.kimi yerlərdə 50-dən çox tədbir keçirilib. Bu tədbirlərə 3000-ə yaxın şəhid övladı dəvət olunub.
Bizə isə sonda şəhid analarını və şəhid övladlarını bunca diqqət və qayğı ilə əhatələyən Cəlal Qurbanova “çox sağ ol” demək qalır.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)