XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini qeyd edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirə ədəbiyyat, mədəniyyət və elm xadimləri iştirak edib.
Tədbirdə çıxış edən fondun icraçı direktoru Şəfəq Mehrəliyeva Fondun bu günə qədər həyata keçirdiyi işlərdən söhbət açıb, o cümlədən cari ilin altı ayında layihələrin uğuruna görə tərəfdaşlara “Ədibin Evi”nin Himayəçilik Şurası adından minnətdarlığını bildirib.
O, Fondun gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq missiyasını xatırladaraq builki layihələrin bu hədəfə çatdığını məmnunluqla qeyd edib.
Bildirilib ki, ilin əvvəlindən həyata keçirilən layihələr arasında Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə başladığı “Məktəblilər “Ədibin Evi”ndə”, MEDİA İnkişaf Agentliyi ilə birgə hazırladığı “Ədibin Evi”ndə COP29 silsilə mühazirələri Azərbaycan kimliyinin möhkəmlənməsi baxımından ölkəmiz üçün vacib məsələləri ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinə çatdırıb.
Media layihələrinin Azərbaycan ədəbiyyatının təbliğində səmərəliliyini nəzərə alaraq 2021-ci ildən “ASAN Radio” ilə başlanılan rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıdan “Ədibin Evindən Hekayələr” layihəsi bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin tələbələri ilə Mədəniyyət TV-də davam etdirilib. Bununla yanaşı “Ədibin Evi”nin dəstəyi ilə həyata keçirilən “Tarixin güzgüsü” adlı media layihəsi İctimai TV-də XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin arxivi əsasında yüz il əvvəlki Azərbaycana nəzər salıb tarixin güzgüsünü bu günümüzə tutub.
Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsini gənc yazıçılara nümunə göstərən ənənəvi Mir Cəlal adına Hekayə müsabiqəsi bu il də davam edib. 3-cü Hekayə müsabiqəsindən seçmələr toplu şəklində Azərbaycan Dəmir Yollarının dəstəyi ilə kitab şəklində çıxarılıb və qatarlarda qiraət üçün oxuculara təqdim edilib 4-cü Hekayə müsabiqəsi yekunlaşaraq qaliblər elan edilib və onların hekayələri “Azərbaycan” jurnalının son buraxılışında işıq üzü görüb.
“Ədibin Evi”nin bu il müraciət etdiyi yeni istiqamət isə əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi olub. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının filologiya fakültəsinin tələbələri “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb və Azərbaycan ədəbiyyatı xəzinəsinin misilsiz bir hissəsinə açar axtarıblar.
Qeyd edilib ki, kursun ilk sinfi tədbir zamanı keçirilən məzun günündə təmsil etdikləri universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar.
“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan edib.
Diqqətə çatdırılıb ki, “Ədibin Evi”nin ədəbiyyatsevərlərə bu günə qədər ən böyük töhfəsi üzərində iş də bu il başlayıb. Belə ki, Fond hazırda 1915-1916-cı illərdə Bakıda nəşr olunmuş “Babayi-Əmir” adlı satirik jurnalın tam mətninin (65 nömrəsinin) transliterasiya olunaraq gələn il jurnalın 110 illiyində ictimaiyyətə təqdim olunmasına hazırlaşır. Qeyd edək ki, Əliabbas Müznibin redaktorluğu altında nəşr olunan “Babayi-Əmir” jurnalı “Molla Nəsrəddin” ənənələrini təqib edərək XX əsrin əvvələrində dini avamlıq, cəhaləti açıq tənqid edib, söz azadlığı, qadın azadlığını geniş dəstəkləyən yazılarla çıxış edib. Jurnalda dövrün məşhur şəxsiyyətləri, o cümlədən M.S.Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Nemət Bəsir və başqalarının məqalələri dərc olunub.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç yaşına həsr edilmiş tədbir Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin məzunlarının ifasında bədii proqramla yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)