Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının ötən gün açılış mərasimi oldu. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı qurultayda iştirak edən həmyerlimiz, ANAİB sədri Şəmil Sadiqdən təəssüratlarını aldı. Tanış olun.
Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının açılışında iştirak etdim. Başqan Kənan Qocatürkün apardığı paneldə Türkiyə Mədəniyyət Nazirliyinin və Təhsil Nazirliyinin yetkili şəxsləri hesabat verdi. Bu illərdə nə ediblər, nələr etməlidirlər. Düzdür, türkiyəli yayınçılar da öz durumlarından o qədər razı deyil, amma bizə baxanda adamın onlara böyük paxıllığı tutur. Çünki kitabla bağlı vizionları böyükdür, amalları genişdir. Çünki kitab mədəniyyət nazirliklərinin prioritetlərindəndir və türk ədəbiyyatının tanıtımı, kitabxanaların inkişafı üçün ciddi addımları var və bunlar stimulvericidir. Sovet kitabçılığından çox-çox zəif olsa da, son illər bu sahədə ciddi şəkildə həm dövlət, həm də özəl sektor önəmli girişimlər edir, türk ədəbiyyatını dünyaya tanıdır.
Nazirlik nümayəndəsi dedi ki:
1. Bu il 1018000 minlik kitab alıblar kitabxanalara.
2. Kitab alışı kitabxanalardan gələn tələb əsasında formalaşır.
3. İl ərzində 89 ölkədən 3867 müraciət olub, onlardan 368 kitaba xaricdə çap edilməsi üçün maliyyə dəstəyi ayrılıb.
4. İlk kitab dəstəyi layihəsi ilə 489 kitab çap edilib və bu dəstəyin verilməsi üçün nəşriyyatlar müraciət edir!
5. Ən maraqlısı odur ki, nəşriyyatlardan elektron kitab alışı da var və nazirlik buna təşviq edir. Amma naşirlərin ürəyincə deyil bu proses.
6. Türk naşirləri üçün beynəlxalq kitab sərgilərində yer alınır, gediş-gəlişlər təşkil edilir.
Bütün bu və bu kimi təklifləri isə biz üç dəfə (nazirlər dəyişdikcə) təqdim etmişik. Amma və lakin kitabın müzakirəsi də “Anamın kitabı”ındakı Acların durumu kimi hələ də gözləmədədir, hər hansı bir hərəkət görmürük! Biz isə özəl sektor olaraq Azərbaycan kitabçılığı üçün əlimizdən gələni edirik, amma əlimizdən tutan yoxdur.
30 nəşriyyat əl-ələ vermiş, 4 günlük məhz uşaqlara özəl festival keçiririk!
Gəlin, nələrə qadiri olduğumuzu görün, 100 minlərə başa gələn sərgiyə belə rəqibdir artıq bizim festivak! Halbuki biz bunu 15-20 min manata edə bilirik!
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)