Qlazqo Universitetində keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Azərbaycan mədəniyyəti təbliğ edilib Featured

Şotlandiyanın Qlazqo Universitetində hər il ənənəvi olaraq keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Qlazqo Azərbaycan Cəmiyyətinin üzvləri də iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qlazqo Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Yay məktəbi” çərçivəsində iki hissəli tədbir keçirilib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir. 

Tədbirin birinci hissəsində Qlazqo Azərbaycan Cəmiyyətinin üzvü, Qlazqo Universitetinin tələbəsi Samirə Həsənzadə “Yay məktəbi”nin iştirakçılarına Azərbaycan dili dərsini tədris edib.

 

İştirakçılara ana dilimizin və milli mədəniyyətimizin rəngarəngliyini əks etdirən videoçarxlar təqdim olunub, Azərbaycanın tarixi yerləri və şanlı Zəfərimiz haqqında müxtəlif kitablar sərgilənib.

 

Zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən stendə baxan qonaqlar Azərbaycan xalçaçılığı, milli geyimləri və musiqisi ilə tanış olublar.

 

Tədbirin “Azərbaycan çay süfrəsi” adlı ikinci hissəsində Qlazqo Universitetinin tələbələri Samirə Həsənzadə, Nərmin Əliyeva, Şəbnəm Məmmədova və Şamxal Qənizadə xarici qonaqlara çayın hazırlanması və süfrəyə təqdim edilməsi prosesi barədə ətraflı danışıblar. Qonaqlara milli şirniyyatlarımız – şəkərbura və paxlavanın tarixi haqqında məlumat verib, nümunələr təqdim ediblər.

 

Stenddə kəlağayıya, milli qadın və kişi geyimlərimizə böyük maraq göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.