Sabah – 28 May Respublika günüdür – ŞƏRƏF TARİXİMİZ Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 Xalqımızda bir Prometey ruhu mövcuddur. Azadlıq və istiqlal onun əzəli məqsədi olmuşdur. Güclü qəhrəmanlıq ideyası ilə silahlanmış Azərbaycan xalqı zaman-zaman əsarət zəncirini qırmaq üçün azadlıq uğrunda mübarizəyə qalxmış, istiqlal yolunda şəhidlər vermiş, öz şanlı və işıqlı qəhrəmanlıq tarixini yaratmışdır.

 

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illər bu tarixin ən parlaq səhifələrindəndir. 28 may 1918-ci ildə elan olunan, amma ömrü cəmi 23 ay çəkən AXC ürəklərdə elə bir məşəl alovlandırmışdı ki, sovet rejiminin cəza-repressiya maşını da bu məşəli söndürə bilməmişdi.  

Moskvanın qanlı əlində parlayan xəyanət bıçağı istiqlalımızın bağrına saplansa da, illər bir-birini əvəz etsə də, istiqlal fikri yaşayırdı. Üçrəngli istiqlal bayrağı zahirən yox olsa da, mənən mövcud idi və onun eşqi ürəklərdə qalırdı. AXC-nin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələrindən biridir. İki illik hüriyyət qovğası milləti özünə tanıtmışdı, milli mənlik şüurunu özünə qaytarmışdı, ona azadlığı dadızdırmışdı.

Xalqımızın azadlıq aşiqlərindən biri olan M.Ə.Rəsulzadə uzaqgörənliklə deyirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz, bolşevizm yıxılacaq, imperiya parçalanacaq əcir millətlər bu dəfə əbədi qurtulacaq, öz müqəddəratlarının sahibi, azad və müstəqil olacaqlar.

İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini yetişdirirdi. AXC idealları  onlar  üçün mayaka çevrilmişdi. Sonrakı illərdə yüzlərlə insanımızın “müsavat ideyalarının daşıyıcısı” kimi repressiyalara məruz qalması, gizli təşkilatların fəaliyyət göstərməsi, 1956-cı ildə Qız qalasının başında üçrəngli bayrağımızın qaldırılması, ədəbiyyatda, bir sıra məşhur və tanınmış ziyalılar arasında milli müstəqillik ideyalarının üstüörtülü şəkildə təbliğ edilməsi, tədricən azadlıq aşiqi olan yeni nəslin yetişməsi və s. bunun bariz nümunəsi idi.  

1970-ci ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə, şübhəsiz ki, Heydər Əliyev dururdu.

Qorxmaz, cəsarətli,  qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəldi, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. Siyasi, iqtisadi və hüquqi sahədə    dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıldı. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət -ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. 

Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi.  Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.

Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən  H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk illərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində böyük işlər görmüşdür. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərimizə bağlı, vətənpərvər, milli-müstəqillik ruhda tərbiyə olunması, onların təşkilatlanması elmi, intellektual potensialının gücləndirilməsi, dövlət idarəçiliyində rollarının  artırılması, beynəlxalq aləmə inteqrasiyanın yaratdığı imkanlardan maksimum səviyyədə yararlanmalarının təmin olunması onun siyasətin əsas istiqamətlərindən olub.

 Həmin illərdə ümummilli liderin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. H.Əliyev sovet dönəmindəki rəhbərliyi dövründə 15 mindən çox gənci keçmiş ittifaqın 50-dən artıq şəhərinin 170 ali təhsil müəssisəsində 250-yə yaxın ixtisasa yiyələnmək üçün həmin ali məktəblərinə təhsil almağa göndərmiş, onların yüksək ixtisaslı və peşəkar kadr kimi hazırlanmasına nail olmuşdu.

Ümummilli liderin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də  bunu təsdiq edir.O dövrdə Azərbaycanda  azərbaycanlılar hərbi kadr hazırlığına və hərbi elitaya yaxın buraxılmırdılar. Ölkəmizdə bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu "beynəlmiləl" ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya H.Əliyevi narahat etməyə bilməzdi. Məhz onun şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artdı və bu sahədə  milliləşdirmə prosesinə start verildi. Azərbaycanlı gənclər təhsil almaq üçün kütləvi şəkildə SSRİ-nin hərbi məktəblərinə göndərilməyə başlandı. Həmin dövrdə H.Əliyev milli hərbi kadr hazırlığı sahəsində çox ciddi   bir addım atdı: Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu. Onun gördüyü işlərin dövlət quruculuğundakı əvəzsiz rolunu  bu günün prizmasından baxdıqda daha aydın və qabarıq görürük. Görülmüş bu işlər xalqımızın əsrin əvvəllərindən başlayan  azadlıq ideallarını və müstəqillik arzularını daha da gücləndirirdi.

 XX əsrin sonları yaxınlaşırdı.  Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı.  M.Ə.Rəsulzadənin dediyi, H.Əliyevin gözlədiyi günlər gəlib çatmışdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.

İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb istiqlal savaşına qalxdı. 1918-ci ildən başlamış “Azərbaycan davası” özünün ən fəal dövrünə daxil oldu.

Nəticədə, 1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında birdəfəlik zəfərlə başa çatdı. Əldə etdiyimiz müstəqillik AXC ideyalarının şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi.  Başabəla başçılarımızın səbatsızlıqları və bacarıqsızlıqları müstəqil Azərbaycan dövlətinin varlığını təhlükə qarşısında qoymuşdu. Məmləkətdə qanunsuzluq, xaos, daxili çəkişmələr, hərc-mərclik artır, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi.  Müstəqil Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin faciəsi gözləyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev !

H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı belə bir dövrdə Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi.Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. H.Əliyev xalqın sabaha olan inamını özünə qaytardı.

H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Eyni zamanda özünün möhtəşəm milli dövlətçilik ideyalarını həyata keçirməyə başladı.   Bu müddətdə müharibədə atəşkəsin və ölkədə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə islahatlar proqramının həyata keçirilməsinə start verildi. Müstəqil Azərbaycanın konstitusiyası qəbul edildi, dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik ideallarının  bərqərar olmasına yönəldi.

Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının – azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.

Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu siyasətini də davam etdirdi. Qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan dövlətinin   ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  

Bu gün dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı H.Əliyevin siyasi kursu uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Bunun ən bariz nümunəsi Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində qazanılmış qələbə oldu. Bu qələbəni bizə H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan və böyüyən, İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yetişən və fomalaşan gənclər bəxş etdilər. 2003-cü  ildə 10-15 yaşında olan bu gənclər Vətən savaşına qatılan 25-35 yaşlı qəhrəmanlara çevrildilər, yeni tarix yazdılar, əsrimizin qəhrəmanlarına çevrildilər. Bu qəhrəmanlar Cümhuriyyət dövründən bizə əmanət qa­lan üçrəngli bayrağımızı Qarabağda yenidən dal­ğalandırdılar. Sübut etdilər ki, “Bir kərə yüksələn bayraq bir daha enməz”.

Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

O, AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən  Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: ”Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...” 

Bu gün böyük qürür hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir. Təsadüfi deyildir ki, AXC-nin yaranması gününü əziz tutan, həmin günü Respublika Günü elan edən ümummilli liderimiz H.Əliyev dəfələrlə bildirmişdi ki, biz indi demokratik Azərbaycan dövlətini qururuqsa, bunu Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq.

Artıq 30 ildən çoxdur ki, Azərbaycan xalqı müstəqillik dövrünü yaşayır. Müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrəti ötən hər gün güclənmiş, vətənimiz sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək göstərici və nəticələr qazanılmışdır. İndi Azərbaycan dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən, iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünya birliyində öz layiqli yerini tutmuş bir dövlətə çevrilmişdir.

 Respublika Gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

 

 

 

 

 

                     

   

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.