Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı İlyas Əfəndiyevin məzarını ziyarət edib Featured

Ötən gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110-cu ildönümü idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyinin əməkdaşları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri I Fəxri xiyabanda Xalq yazıçısının məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin bir necə nəslin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb. O, Xalq yazıçısının fitri istedada malik insan olduğunu bildirib. Nazir müavini Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun zəngin ədəbi irsinin Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərdiyini qeyd edib.

Xalq artisti Hacı İsmayılov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına və teatrına böyük töhfələr verdiyini deyib: “Görkəmli dramaturq ən çox oxunan və sevilən yazıçılardan biri olub. Bir çox xarici teatrlarda onun pyeslərinə müraciət olunub. Onu da qeyd etmək istərdim ki, biz çox xoşbəxt nəslin nümayəndələrik, çünki onun tamaşaları və əsərləri ilə böyümüşük”, - deyə Xalq artisti əlavə edib.

Hacı İsmayılov, həmçinin vurğulayıb ki, İlyas Əfəndiyev kimi Azərbaycanı o taylı bu taylı, Qarabağı vəsf edən ikinci yazıçı yoxdur. O, sözün əsl mənasında böyük şəxsiyyət, dramaturq olub.

Tədbirdə İlyas Əfəndiyevin dramaturgiyasında Qarabağ məsələlərinin, xalqımızın etnik kimlik mövzularının qaldırıldığı söylənilib. Qeyd edilib ki, İlyas Əfəndiyev tələbələrini bir şəxsiyyət kimi yetişdirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.