Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq Featured

Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış və mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır.

 

Bu platforma aparıcı beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən geniş dəstək göstərilmişdir. Sözügedən beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2011-ci ildən etibarən 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizdə beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib. Təbii ki, Azərbaycanın forumlara ev sahibliyi etməsi beynəlxalq səviyyədə ölkəmizə olan etimadın və dəstəyin ifadəsidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, bu forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri və rəhbərləri, eyni zamanda, müxtəlif elmi dairələrdən, beynəlxalq institutlardan, beyin mərkəzlərindən olan şəxslər qatılıb. Eyni zamanda, bu forumlar çərçivəsində, 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forumda dünya üçün aktual olan çağırışlar və məsələlər müzakirə olunub. Keçirilən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

“Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcəkdir. Qeyd edək ki, VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Həmçinin VI Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur”, - deyə F.Cəfərov diqqətə çatdırıb.

Onun sözlərinə görə, Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur.

Forum üçün qeydiyyat prosesinin davam etdiyini deyən nazir müavini bildirib ki, yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin Forumda iştirakı nəzərdə tutulur.

“Məlumat üçün bildirim ki, 2017-ci ildə BMT Baş katibinin hesabatında “Bakı Prosesi”ni mədəniyyətlərarası dialoq səviyyəsində dialoq sahəsində yeganə böyük qlobal platforma kimi səciyyələndirilməsi qeyd olunub. Bundan başqa, UNESCO-nun 2022-ci ildə İcra Şurasının qəbul etdiyi qətnamədə “Bakı Prosesi”nə bütün dövlətlər tərəfindən dəstək verilməsi çağırışı əks olunub.

Azərbaycanın mədəniyyətlərarası dialoq platformasına ev sahibliyi etməsi təbii ki, bir prosesin nəticəsidir. İlk növbədə, dövlətimizin başçısı tərəfindən bu mövzuya və bu sahəyə olan xüsusi diqqət və dəstəyin təzahürüdür. Təbii ki, Azərbaycanın son illərdə bütün Avropada, dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin məkanı kimi tanıdılmasının şahidi oluruq. Bu, ölkəmizin haqqında bəhs etdiyimiz Forumla yanaşı, digər analoji mövzulardakı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən özünü büruzə verir”, - deyə F. Cəfərov əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.