Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” bu gün yekunlaşacaq

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ulu Naxçıvan diyarında “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyi bir neçə gündür ki, olduqca maraq doğuran 

“Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya təqdim edir. Bütün Muxtar Respublika üzrə keçirilən tədbirlərə bu gün yekun vurulacaq. Tədbirlər barədə bilgi almaq üçün “Ədəbiyyat və incəsənət” portalı olaraq “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı ilə telefon əlaqəsi yaratdıq və aşağıdakı bilgiləri əldə etdik. 

 

1.

İlk olaraq Naxçıvan diyarında “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında təqdim edilib. 

Öncə çıxış edən kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. 

“Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı Muzeyi” yaradılıb. 

Güllü Eldar Tomarlı sədri olduğu birliyin təşkilatçılığı ilə nəşr olunmuş kəlağayını vəsf edən dörd kitabı universitetin Elmi Kitabxanasına hədiyyə edub. 

NDU-nun Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, şair, folklorşünas Sədaqət Nemətin, Azərbaycan tarixi kafedrasının professoru, “Sevinc” QHT-nin təsisçisi Sevinc Abbasovanın çıxışları dinlənilib.

Kəlağayıya həsr olunmuş ədəbi-bədii kompozisiyada  bildirilib ki, kəlağayı ipək sapdan hazırlanmış qadınlara məxsus dördkünc formalı baş örtüyüdür, min illərdir Azərbaycan xanımlarına yaraşıq və gözıllik verən milli-mənəvi dəyərimizdir. Ölkəmizin Qərb bölgəsində ona “çarqat” deyirlər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələri sazda ifa ediblər, tarix-filologiya fakultəsinin tələbələri kəlağayını təbliğ edən şeirlər səsləndiriblər. 

Universitetin foyesində keçirilən qədim kəlağayılar nümayiş olunan sərgi müəllim və tələbələrin böyük marağına səbəb olub. 

Qeyd olunub ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il kəlağayının beynəlxalq miqyasda tanıdılmasının 10  illiyidir.

Sonda tələbələr şeirlər səsləndirib, “Belkanto” vokal qrupunun ifasında musiqilər təqdim olunub. 

2.

Digər tədbirsə Naxçıvan Qızlar Liseyində keçirilib. Öncə liseyin direktoru Naxçıvan Ali Məclisinin deputatı Aida Allahverdiyeva tədbir iştirakçılarını salamlayıb, belə tədbirlərin Qızlar liseyində keçirilməsini alqışlaylb. Kəlağayının qədim zamanlardan məişətimizdə tutduğu yer, rəng və naxış dünyası haqqında iştirakçıları məlumatlandırıb. 

Şagirdlər qonaqları milli adət-ənənəmizə uyğun olaraq liseyin girişində milli geyimdə, kəlağayıda armudu stəkanlara süzülmüş şərbətlə, milli rəqslərlə qarşılayıblar. Sonra şəhidlərimizin əziz ruhu bir dəqiqə sükutla yad edilib. Daha sonra liseyin qızlarının əl işlərinin sərgisi nümayış olunub. Qonaqlar qızların əl işlərinə heyranlığını gizlədə bilməyiblər.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi üzvü, rəssam Ülviyyə Həmzəyevanın iştirakı və geniş əhatəli çıxışı maraqla qarşılanıb. Ülviyyə Həmzəyeva qeyd edib ki. Azərbaycan xanımları dünyanın hər yerində milli geyimləri və baş örtüyü ilə tanınır. Neçə-neçə yüzillərdən bəri bizə qalan nənələrimizin kəlağayısı təkcə baş örtüyü yox, həm də mənəviyyat ölçüsüdür. Dava-dalaş, nəsillər arasında qan-qadanı yatıran ipək örpək namus, ismət rəmzidir. Nənələrimiz başına-yaşına, getdiyi yerə - xeyir-şərə uyğun kəlağayı bağlayardılar. Kəlağayı toylarda ən dəyərli hədiyyə idi. İlin hər fəslində sağlamlığımızı qoruyur, soyuqda istilik, istidə sərinlik verir.

Güllü Eldar Tomarlı bu möhtəşəm tədbirə dəstək və təşkilatçı olanlara təşəkkür edib. Bildirib ki, belə tədbirlərin ölkəmizin əksər bölgələrində keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Liseyin şagirdlərinin qonaqlara təqdim etdiyi ədəbi-bədii kompozisiyada tədbir iştirakçılarına kəlağayı haqqında zəngin informasiya və bilgilər verilib. 

3.

Naxçıvan şəhər 15 saylı tam orta məktəbdə də möhtəşəm tədbir düzənlənib, milli mənəvi dəyərlərimizə aid zəngin sərgi çox möhtəşəm alınıb, hamının çöhrəsində sevinc olub.  Tədbir iştirakçıları sərgi ilə tanış olublar, şagirdlərin əl işlərindən ibarət kəlağayı kollajı hamının marağını özünə cəlb edib. Məktəbin şagirdi Ələsgər Güllü Eldar Tomarlının kəlağayılı rəsmini tədbir boyu yaradıb və təqdim edib, şagirdlər kəlağayı ornamentləri sistemində  ən çox rast gəldiyimiz buta naxışlarını və ürək rəsmini çəkib Güllü Eldar Tomarlıya hədiyyə ediblər. O, şagirdlərə bu bacarıqlarına görə sonsuz təşəkkür edib. 

Tədbirdə şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova çıxış edib və kəlağayımızın tarixindən, bu gün onun çox önəmli, vacib baş örpəyi olmağından, istifadəsinin vacibliyindən danışıb. 

Şəhid Xansu Qurbanov  Naxçıvan şəhər 5 saylı məktəbin məzunudu. Bu məktəbin məzunu olmuş İslam Eyvazovun anası Aytən Eyvazova kəlağayının məsuliyətindən, sehrindən danışıb. O qeyd edib ki, bu gün şəhid analarına rəngli kəlağayılar hədiyyə olunur. Mən də, Yəmən xanım da bu gün qara yox, yaşıl rəngli kəlağayılar örtmüşük. Bu bizim qadınlarımızın simvoludur, yaraşığıdır. Nə yaxşı ki, “Sazlı, Sözlü Kəlağayı Günləri” Naxçıvanda keçirilir. 

4.

Özəl Naxçivan Universiteində də “Sazlü, Sözlü Kəlağayı Günləri”nin davamı könülaçan olub. Universitetin rektoru Anar Kazımov tədbirə uğurlar diləyib, kəlağayımızın keçmişindən, bu günündən danışıb. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent  Nurlana Əliyeva kəlağayının istehsalı, necə başa gəlməsi haqqında  geniş məlumat verib. Zərif ipək baş örtüyümüzün qədim naxışlarının ötürdüyü informasiyanın tariximizin dərin qatlarından gəldiyini, kəlağayının tariximizi, adət-ənənələrimizi yaşatdığını qürurla vurğulayıb. 

 Kəlağayı sərgisinə tələbələrin marağı hamıya qürurlu anlar yaşadıb. 

Gənc nəslin milli-mənəvi dəyərlərimizə böyük sevgisi, diqqəti onu təsdiq edir ki, gələcəyimiz, mənəvi dəyərlərimiz etibarlı əllərdədir.

5.

Ordubad şəhəri 1 saylı tam orta  məktəbdə də kəlağayı sevinci yaşanıb. Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılova tədbiri açıq elan edib qonaqları salamlayandan sonra belə tədbirlərin ölkəmizin müxtəlif təhsil ocaqlarında, xüsusilə orta məktəblərdə keçirilməsinin tərbiyəvi əhəmiyyətini önə çəkib. Mənəvi dəyərlərə, əxlaq normalarına layeyd münasibətin gələcək fəsadlarının qarşısını almaq üçün belə görüşlərin sayını artırmağın zəruriliyindən söhbət açıb. 

Qədim kəlağayılar sandıqdan çıxmışdı, məktəbi al-əlvan etmişdi, hamı sevinirdi, xoşbəxt idi, kəlağayıda hamı gözəl, əzəmətli görünürdü. Xalça toxuyan, daraqda yun darayan, peşəkar xəmir açan, yerindəcə  buta rəsmi çəkən məktəbli qızlarımız milliliyə köklənmişdilər. Hamısı milli paltarda, kəlağayıda idilər.

 Maraqlı bədii hissə də olub. Kəlağayı haqqında şeirlər, mahnılar, deyişmələr söylənilib.

6.

Kəngərli rayonu, Qarabağlar kənd 1 saylı tam orta məktəbində də “Sazlı, Sözlü Kəlağayı Günləri”nin davamı etdirilib. Tədbir iştirakçılarını məktəbin direktoru Dilguşə Qurbanova salamlayıb. Şagirdlər şeir söyləyiblər, mahnı oxuyublar, kəlağayı haqqında səhnəciklər göstəriblər. 

 

Sonda  Eldar Tomarlı portalımız vasitəsillə “Sazlı sözü kəlağayı  günkəri''nin keçirilməsinə dəstək olan  Naxçıvan Təhsil Nazirliyinə, eləcə də şəxsən  nazirliyin əməkdaşı Gültəkin Rüstəmliyə səfər müddətində göstərdiyi köməyə, diqqətə  görə sonsuz təşəkkürünü bildirib.

 

Qədim-qayım yurdumuz Naxçıvanda keçirilən möhtəşəm “Sazlı, sözlü kəlağayı günləri” coşquyla, sevinclə, qonaqpərvərliklə, hamının gözü, könlü gülə-gülə qarşılanıb.

Azərbaycan, Naxçıvan televiziyaları bu tədbirləri işıqlandırıb, Naxçıvan televiziyası “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin  direktoru Güllü Eldar Tomarlıdan geniş müsahibə allb.

Xalqımizın bütün milli-mənəvi dəyərlərimizə, eləcə də Azərbaycan xanımlarının namus, ismət, abır-həya rəmzi kəlağayıya sevgisi bir daha sübut edir ki, kəlağayının şöhrəti heç vaxt azalmayacaq, özümüzü  tanıdıqca daha artacaq. 

 Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində təhsil ocaqlarında görüşlər gənclərin milli ruhda böyüməsinə, mədəniyyətimizi, şərəfli tariximizi daha dərindən tanımasına bir töhfə kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.