“Young Lions Azerbaijan 2024” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Aprelin 13-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulan “Young Lions Azerbaijan 2024” müsabiqəsinin final mərhələsi keçirilib. 

 

Müsabiqəyə ümumilikdə 88 komanda müraciət edib. Bunlardan 38-i "çap”, 27-si “film”, 23-ü isə “dizayn” kateqoriyası üzrə yarışıblar.

Kann Beynəlxalq Yaradıcılıq Festivalının Azərbaycandakı təmsilçisi Orxan Kərimov AzərTAC-a müsahibəsində bildirib ki, marketinq sahəsində ən yüksək pillədə dayanan Kann Beynəlxalq Yaradıcılıq Festivalı artıq 70 ildən çoxdur fəaliyyət göstərir.

Təmsilçi deyib: "Bu proqram, yəni "Young Lions" 1995-ci ildən etibarən 30 yaşa qədər gənclər üçün təşkil olunub. Müxtəlif kateqoriyalar mövcuddur. 80-ə yaxın ölkə bu prosesdə iştirak edir və lokal festivallarını reallaşdırırlar. Bu tədbir 3-cü ildir ki, ölkəmizdə keçirilir. Bizim ən böyük dəstəkçimiz Mədəniyyət Nazirliyidir. Bu gün müəyyən olunan qaliblər iyunda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə ölkəmizi təmsil edəcəklər”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazirliyin daim gənclərin təşəbbüslərinə diqqət yetirdiyini bildirib. "Gənclər bizim gələcəyimizdir. Bu gün iqtisadiyyatımızın ən önəmli sahələrindən biri mədəni və yaradıcı sənayelərdir. Mən inanıram ki, bu müsabiqə maddi və qeyri-maddi mədəni irsimizin təbliği və təşviqində böyük rol oynayır",-deyə o əlavə edib.

Sonda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə qalib komandaların iştirakçıları mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.