Müqəddəs gün! - Sabah Ramazan bayramı, bugünsə bayram ərəfəsidir Featured

RAMAZAN AYI BARƏDƏ NƏ BİLİRİK VƏ NƏYİ BİLMƏYİMİZ  VACİBDİR? BƏS ƏDƏBİYYATIMIZDA BU AY NECƏ TƏRƏNNÜM OLUNUB? 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sabah növbəti Ramazan bayramımızı - müsəlman aləminin ən müqəddəs bayramını qeyd edəcəyik. Bugünsə Ramazan axşamıdır.

 

Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Bu barədə ötən gün Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamlarının camaatın istəyinə uyğun olaraq müəyyənləşdirməsi mümkündür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 12-si günü ilə 6 aprel - şənbə gününün yeri dəyişildiyindən, biz sabahdan ta ki bazar ertəsinə kimi Ramazan tətilinə çıxırıq. 

Mən xüsusən yeniyetmə və gənclər üçün Ramazanla bağlı bilgiləri paylaşmaq istəyirəm. 

 

Ramazan bayramı (Fitr bayramı) — Səvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Bu bayram müsəlman dünyasının bir nömrəli bayramıdır. Onun əzəmətini xüsusən qardaş Türkiyədə duymaq olur.

Uzun müddət Sovetlər Birliyində yaşadığımızdan bizlərdə bu bayram demək olar ki, kölgədə qalmışdı. Eləcə də SSRİ-yə daxil olan digər müsəlman xalqlarında. Amma indi Ramazan ayında azərbaycanlılar, özbəklər, qazaxlar, Rusiyada yaşayan dağıstanlılar, çeçenlər, tatarlar, başqırdlar, çuvaşlar və digərləri ay boyu oruc tutur və ayın tamamında təntənə ilə bayramı qeyd edirlər. 

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək qaydalarını öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona Ramazan orucu da deyirlər.

Əlavə edim ki, hazırda ölkəmizdə hətta azyaşlılar arasında da xeyli oructutan var, bu da Ramazanın get-gedə bizimçün də qonşu Türkiyədə olduğu kimi kultlaşmasından xəbər verir. 

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran  hədiyyə edilmişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır.

Bir qədər Qədr gecəsi barədə danışaq. Ramazan ayının gecələrindən birində, qeyd etdiyimiz kimi, müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

Rəvayətlərin birində deyilir:

"Bir yaşlı kişi Peyğəmbərə söyləyir: Uzaq yoldan gəlib məsciddə oturmaq mənə çətindir, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə məscidə gələrəm.

Peyğəmbər onun qulağına nəsə deyir və həmin kişi hər ramazan ayının 23-cü gecəsi məscidə gəlir".

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. 

Qurani-Kərimdə "Qədr surəsi" vardır. Bu surədə qədr gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". 

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29–30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma, ya da kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Əbəs yerə deyildir ki, bu ayda bizim ölkəmizdə bol-bol xeyriyyə aksiyaları keçirilir, fəqir-füqəraya əl tutulur, iftar süfrələri açılır. 

Bəs Ramazan ayı ədəbiyyatımızda necə təbliğ olunur? Bu sorğu ilə tanınmış ədəbiyyatşünas Firudin Qurbansoya üz tutduq və o söylədi:

-Ramazan ərəbcə tərcümədə «yandırmaq» deməkdir: "Yəni insanın içində olan pislikləri, acgözlüyü yandırmaq. Çünki bu müddət ərzində insan təkcə qida ilə özünü sınamır, eyni zamanda baxışları ilə harama baxmamaqla, nitqi ilə qeybət etməməklə pislikləri yandırır. Yəni Ramazan ayı insanın müsbət keyfiyyətlərini artıran bir aydır. Bu baxımdan, müqəddəs sayılır. Digər tərəfdən, ən gözəl dini bayram kimi xüsusi önəm daşıyır. Qurban bayramı, Peyğəmbərin mövludu, imamların mövludu və s. günlər də bayram kimi keçirilir. Ancaq Ramazanın qeyd olunması bu günlərdən xüsusi fərqlənir. Çünki Qurani-Kərim bu ayda nazil olub”. Klassik ədəbiyyatımızda da ramazaniyyələrin yazıldığını deyən ədəbiyyatşünas bildirdi ki, şairlər Ramazanın fəzilətlərini bu qəsidələrdə göstərirlər. Peyğəmbərin meracı, Allahla görüşü, cənab Cəbrayıl vasitəsilə ona deyilən ayələri insanlara çatdırmaq və s. ramazaniyyələrdə məcazlar şəklində xalqa bildirilib”. Ədəbiyyatşünas vurğuladı ki, bu ramazaniyyələr Ramazan ayında da oxunub: "Təsəvvür edin ki, Əbdülqadir Marağayi «Mən Ramazan ayında hər gün təzə musiqi bəstələyə bilərəm» deyirdi. Ramazandan öncə hər gün təzə bir musiqi ifa edir və deyir ki, bu musiqini bu gün yazmışam. Yanındakılar "bu, mümkün deyil” deyərək inanmırlar. "Əgər inanmırsınızsa, sabahdan Ramazan ayı başlayır. Hər biriniz mənə bir şeir verin, mən onları məclisdə ifa edim”- deyə Marağayi bildirir. Beləcə, 30 şeir yaranır. O, bu şeirlərin hər birini hər gün təzə melodiya ilə ifa edir. 30-cu gün – yəni Ramazan bayramı günü hamısını bir yerdə dəstgah şəklində ifa edir. Tarixdə Ramazanla bağlı belə məqamlar olub. Ona görə, Ramazan xalqın taleyinə yazılan müqəddəs bayram kimi qeyd olunur. Bu bayramda hər bir kəs özünü sınaqdan keçirir. Yəni mən Allahın sınaqlarına hazıram və layiqəm. Yəni Allah məni sınadı, dedi ki, oruc tut, mən də tutdum. Orucu açanda da «Allahım sənə güvəndim, sənə görə oruc tutdum» deyirlər. İnsan özünü Allaha daha yaxın hiss edir. Bu baxımdan, ədəbiyyat adamlarının da Ramazana münasibəti xüsusi olub. Onlar klassik ədəbiyyatdan yaranan ənənəni davam etdiriblər. Bu gün də bu ənənə zəif olsa belə, davam edir.

 

BAYRAMINIZ MÜBARƏK, ƏZİZ XALQIMIZ!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.