“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist, siyasi şərhçi Yunus Oğuzun son siyasi mənzərə barədə şərhini təqdim edir. Sualları Alim Hüseynli yönəldir.
-Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündə əvvəlcədən elan edilən heç bir "dönüş" baş vermədi. Rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayıracaq. Bu yardım bölünərək 4 il ərzində davam edəcək. Halbuki görüşdən öncə 5 aprel tarixinin Ermənistanın siyasi-iqtisadi taleyində dönüş olacağı bildirilirdi. Yunus bəy, 5 aprel görüşünün nəticələrini necə dəyərləndirirsiniz?
-Əvvəllər də qeyd etdiyimiz kimi hazırda Güney Qafqaz uğrunda geosiyasi mübarizə gedir. Əsas məqsəd də Rusiyanın regiondan tamamilə çıxarılmasıdır. Əslində region uğrunda mübarizənin kökündə geoiqtisadi amillər dayanır. Təsadüfi deyil ki, 5 aprel görüşündə guya Qara dənizdən infrastruktur qurularaq Ermənistandan "yaşıl enerji" ixracı məsələsi ortaya atıldı. Halbuki bu ideyanın heç bir iqtisadi əsası yoxdur. İqtisadiyyatı tənəzzülə uğramaqda olan Ermənistanda hansı "yaşıl enerji"dən söhbət gedə bilər? Məsələ orasındadır ki, ABŞ və Qərb nə qədər çalışsalar da, Azərbaycansız heç nə əldə edə bilmirlər. İndi bəziləri düşünür ki, Ermənistan 5 aprel görüşündə uduş əldə etdi. Ancaq mən bunun əksini düşünürəm. Ermənistan özünü elə bir vəziyyətə saldı ki, artıq bu dövlətin mövcudluğu sual altındadır. Rusiya isə təbii ki, bunu bağışlamayacaq. Faktiki olaraq hazırda "üçüncü dünya müharibəsi" gedir. NATO-Ukrayna Rusiya ilə, İsrail Qəzzada ərəblərlə vuruşur, Suriya qalıb ortada, o tərəfdən Çin qalxır. İranın "qisas günüdür" deməyinə baxmayaraq bir həftə keçsə də hələ real heç bir addım yoxdur. Bu isə o deməkdir ki, geosiyasi məsələ artıq öz yerini tapır. Belə ki, dünya yenidən bölüşdürülüb və orada Rusiya üçün balaca bir künc saxlayıblar. Çalışırlar ki, Rusiyanı Şərqə doğru sıxışdırsınlar, Çin Koreya, Hindistan ilə əməkdaşlıq etsin. Hansı ki, İngiltərə və Amerika Hindistanı da ondan qoruyacaq.
-Elə isə Rusiyanın bundan sonrakı addımları necə olacaq?
-Fakt ondan ibarətdir ki, 5 aprel görüşündə Paşinyanın ağzından vurub geri qaytardılar. Guya söz verdilər ki, haradasa 300 milyondan artıq avro pul verəcəklər, bununla da Ermənistanı öz çətirləri altına salmağa cəhd etdirlər. Bu məsələdə Rusiyanın addımının nə olacağı maraqlıdır. Bildirilir ki, Gürcüstanı Rusiyanın əlindən alıblar, ancaq fakt odur ki, Gürcüstanın əsas ticarət tərəfdaşı Rusiyadır. Eyni proses Ermənistanla da davam edir. Əlavə olaraq Ermənistanın bütün strateji obyektləri Rusiyanın əlindədir. Bura Ermənistanın sərhədindən tutmuş gömrük, qaz, enerji, neft təchizatına qədər bütün sahələr daxildir.
-Bəs bu prosesdə Azərbaycanın yeri haradadır? -Məlum məsələdir ki, Azərbaycanı sıxırlar, ölkəmizə qarşı kifayət qədər təzyiqlər var. Danışıqlar dalana dirənib. Paşinyan deyir ki, biz sülh tərəfdarıyıq, mövcud sərhədlər müqabilində razılaşma əldə edə bilərik. Lakin heç bir razılaşmadan söhbət gedə bilməz. Naxçıvan və Qazax istiqamətlərində atəşkəsin pozulması da ona yönəlib ki, Azərbaycanı təxribata cəlb etsinlər. Qarabağdan əllərini üzdüklərundən ordunu Qazax tərəfdə sərhədə yığırlar ki, hərbi toqquşma baş versin. Hazırda Ermənistan ordusunun Qazax rayonu tərəfindən eskalasiyası gedir. Bununla çalışırlar ki, Azərbaycan ən azı Ermənistanın işğalı altında olan dörd kəndə girsin. Sülh müqaviləsi bağlanmadan, sərhədlərin demarkasiyasi və delimitasiya aparılmadan Azərbaycan həmin kəndlərə daxil olsun və ölkəmizə qarşı sanksiya tətbiq etsinlər. Azərbaycan isə düzgün addım atır, heç bir təxribata getmir. Əslində bunun mənfi fəsadları Azərbaycandan çox Rusiya üçündür. Odur ki, Rusiya çalışacaq ki, ya Paşinyanı devirsin, ya da aradan götürsün.
-5 aprel görüşünün Azərbaycan üçün üstünlüyü nədən ibarətdir?
- Təbii ki, Azərbaycan bu görüşdə iştirak etməsə də bir sıra üstün mövqelər əldə etdi. Birincisi, Paşinyanın bütün ümidləri suya düşdü. Getmişdi "kabab iyinə, gördü eşşək dağlayırlar". Milyardlar ardınca getmişdi, dörd ilə "it payı" verdilər.
İkincisi, ayrılan pulların bir hissəsi Qarabağdan gedən ermənilərin Ermənistana inteqrasiyası üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, artıq dünya ermənilərin Qarabağda yaşamasından əlini üzüb.
Üçüncüsü, Amerika və Qərb bununla Ermənistana girdi.
Dördüncü, Ermənistan bundan sonra hansı addımları atacaq; Əgər Ermənistan Avrasiya Birliyindən çıxsa bütün iqtisadi güzəştlərdən məhrum olacaq. Tənəzzülə uğramaqda olan Ermənistan daha da çökəcək. KTMT-dən çıxsa təhlükəsizlik təminatından məhrum olacaq. Nəzərə almaq lazımdır ki, kiminsə on minlərlə kilometr məsafədən gəlib Ermənistanın təhlükəsizliyini təmin etməsi çox çətin məsələ olacaq. Beşincisi, 5 aprel görüşü Makronun bütün Ermənistan siyasətini puç etdi. Faktiki olaraq Fransanı o görüşə buraxmadılar. Altıncısı, Avropada keçiriləcək seçkilərdən sonra bu proseslər hansı istiqamətdə irəliləyəcək; Seçkilərdən sonra Avropa İttifaqına, Avropa Şurası Parlament Assambleyasına və digər Avropa təşkilatlarına yeni deputatlar gələcək. Yeddincisi, Tramp hakimiyyətə gəlsə nə baş verəcək; Nəzərə almaq lazımdır ki, Trampı Cənubi Qafqazdan çox Rusiya maraqlandırır. O, istəyir ki, Amerika daha çox pul qazansın. Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olacaq. Təbii ki, Ukaynaya kömək edəcək ki, silah satışından Amerika daha çox qazanc əldə etsin. Sadalanan faktlar onu göstərir ki, Ermənistan bu görüşlə özünə çoxsaylı problemlər yaradıb.
-Bundan sonra Azərbaycan hansı addımları atmalıdır?
-Azərbaycan bütün gücünü türk dövlətləri ilə əməkdaşlığa yönəltməlidir. Qonşu dövlətlərlə əməkdaşlığı davam etdirmək şərtilə Rusiya ilə normal münasibət qurmalıdır. Aydındır ki, İranla heç vaxt normal münasibət olmayacaq. Ona görə, Pakistan, Çin, Yaponiya və Almaniya ilə normal münasibətlər qurmalıdır. Nəzərə almaq lazımdır ki, 5 aprel görüşü bizim uğurumuzur. Bu görüşdə bütün oyuncular ortada göründü. Baş verən hadisələrlə bağlı Rusiya dərhal bəyənatını verdi. Rusiyanın bəyənatı sıradan bir bəyənat yox, Ermənistana qarşı kifayət qədər ciddi bəyənat idi. Bəyənatın altında isə ciddi məqsədlər dayanır. Hazırda Rusiya "qumun altında yatmış balığa" bənzəyir. Balıqlar qumun altında qalır, gözləyir, ovu gəlib keçəndə qumun altından sürətlə çıxaraq ovunu udur və təzədən girir qumun altına. Rusiya indi həmin balıqlar kimi qumun altında gözləyir.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)