Azərbaycan Ədəbiyyat Fondu Lənkəranda regional dinləmə keçirib Featured

Telman Aslanov, “Ədəbiyyat və incəsənət”

 

Aprel ayının 6-da Lənkərandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin təşkilati dəstəyi ilə “Region ədəbiyyatı. Problemlər və perspektivlər” mövzusunda dinləmə keçirib. 

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən Lənkəran II Kitab Sərgisi çərçivəsində həyata keçirilən tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru Varis, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, bölgə yazarları və media nümayəndələri iştirak ediblər. 

Tədbiri açıq elan edərək Varis Azərbaycan Ədəbiyyat Fondunun son bir ildə gördüyü işlərdən danışıb. Qeyd edib ki, fond öz fəaliyyətini bərpa etdiyi bu qısa müddətdə Milli Elmlər Akademiyası, Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ümumdünya Yazıçılar Təşkilatı (WOW) və TÜRKSOY kimi çox mötəbər təsisatlarla birgə onlarca tədbirlər keçirib. Bu tədbirlərdə məqsəd ümumən ədəbiyyatımızın təbliği, böyük ədiblərimizin yubileylərinin təşkili, yazıçılarımızın yaradıcılığına dəstək göstərmək, onların kitablarının çapının mərkəzləşdirilmiş qaydada təşkilinə nail olmaq, onların kino industriyasına cəlb edilməsinə, dünya ədəbi platformalarına çıxışlarına yardımçı olmaq, gənc yazarları müsabiqələr vasitəsilə stimullaşdırmaq, onların dərc edilməsi problemini aradan qaldırmaq, ölkədə mütaliə mədəniyyətinin inkişafına dəstək göstərmək, məktəblilərin esse yaradıcılığına təkan vermək, beynəlxalq ədəbi layihələrə qoşulmaq, türkdilli  xalqlarının ədəbi inteqrasiyasına qatqı vermək olub.  

Varis qeyd edib ki, regionda keyfiyyətli ədəbiyyatın yaranması, xüsusən gənc istedadların üzə çıxmasında Ədəbiyyat Fondu maraqlıdır, elə bu dinləmənin keçirilməsinin də əsas səbəbi budur. 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli çıxış edərək AYB Lənkəran bölməsinin 6 rayonu təmsil etdiyini, burada 1200 şair, yazıçı və qəzəlxanın birləşdiyini qeyd edib, bölmənin AYB rejional bölmələri arasında xüsusi fəallığı ilə seçildiyini dilə gətirib, az qala hər həftə tədbir keçirdiklərini, ədiblərin yeni əsərlərinin müzakirələrini təşkil etdiklərini bildirib. Əsas çətinliklərə gəlincə, natiq paytaxtda keçirilən tədbirlərə dəvət almamalarını, antologiyalarda təmsil olunmamalarını, kitab çapında çətinliklə üzləşdiklərini dilə gətirib. 

Daha sonra çıxış edən bölgə yazarı Hafiz Mirzə ölkədə kitab bazarının hələ də tam formalaşmadığını, kitab biznesinin yaranmadığını qeyd edib, bölgələrdə kitab mağazalarının olmamasından gileylənib, KİV-ə Dövlət Dəstəyi Agentliyinin yaradılması nümunəsində Ədəbiyyata Dövlət Dəstəyi Agentliyinin yaradılmasının vacibliyindən söz açıb.

Natiq digər problem kimi TV-lərdə, mətbuatda və saytlarda ədəbiyyatın, ümumən mədəniyyətin təbliğinə yer ayrılmamasının ciddi problem olduğuna diqqət yönəldib.

Yazarlar Məmməd Əvəzoğlu və Xatirə Xatun orta məktəb dəsrliklərində bəzən tanınmayan şəxslərin əsəsrlərinin yer almasından, boz ədəbiyyatın bu cür geniş yayılmasının yolverilməzliyindən danışıblar. 

Ziyafət Yəhya öz çıxışında əlaqədar qurumların ədəbiyyata diqqət və qayğısının vacibliyindən bəhs edib, yerli təhsil ocaqlarında yazarların tanıdılması məqsədilə heç bir fəaliyyət göstərilməməsindən gileylənib. 

Çıxışçılardan Gülarə Hacıyeva, Salman Məmmədoğlu, Səyavuş Süleymanlı, Əhməd Haqsevər və İdrak Dadaşov yazdıqları əsəsrlərdən, hədəflərindən, qayğı və çətinliklərindən bəhs ediblər.

Ümumən çıxışçılar Azərbaycan Yazıçılar Birliyinin, onun ədəbi orqanlarının məqsədyönlü fəaliyyətini təqdir ediblər, birliyin Lənkəran bölməsinə rəğbət hisslərini bildiriblər. 

Sonda 44 günlük müharibədən və antiterror əməliyyatından sonra yeni düzənə daxil olan Azərbaycanda dövlət və millət naminə keyfiyyətli ədəbiyyatın yaradılması zəruriliyindən söz açılıb, bundan ötrü hər bir yazarın səfərbər olması məsədəuyğun  hesab edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.