Qətərdə Azərbaycan Mədəniyyət günləri davam edir Featured

 

MƏDƏNİYYƏT NAZİRİMİZ ÇIXIŞ EDİB

 

 

Qətərdə keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi, həmçinin görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Abdulaziz Al-Kuvari Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi səciyyələndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə verdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Taniyə təşəkkürünü bildirib: “Ölkələrimizin rəhbərlərinin səmimi dostluq münasibətləri Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Siyasi-iqtisadi sahədə əməkdaşlıqda olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün çalışmalıyıq. Hər iki ölkənin zəngin mədəniyyətinin qarşılıqlı olaraq təbliğinə töhfə verəcək layihələr həyata keçirilməlidir”.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir. Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Məhəmməd Füzulinin 530 illik yubileyinin Azərbaycandan kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır.

Adil Kərimli çıxışının sonunda Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacağını deyib. Həmçinin akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verib. “XII yüzillikdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardandır. “Böyük Azərbaycan şairi Nizami” kitabı dünyanın bir sıra dillərinə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcümə edilməsi böyük ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkirini daha yaxından tanımasına töhfə verəcək”, - deyə K.Tahirov vurğulayıb.

Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun Türk-İslam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb.

Daha sonra muğam triosunun ifasında musiqi nömrələri səsləndirilib. Gənc xanəndələrin təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar, həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.

Qətərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 21-dən Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günləri fevralın 24-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.