Görkəmli rejissor Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanada xatirə axşamı təşkil edilib

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan söz açıb.

 

Rasim Ocaqovun ailə üzvləri adından çıxış edən nəvəsi Nərminə Həsənova yubiley tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyədən sonra Avropa mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil olunmasını yüksək qiymətləndirib, Azərbaycan kino salnaməsində unudulmaz izlər buraxmış Rasim Ocaqovla bağlı xatirələrini tamaşaçılarla bölüşüb.

 

Tədbirdə “Baku TV” tərəfindən çəkilən, Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli film ixtisarla nümayiş olunub.

 

Filmdə onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər barədə məlumat verilib, onun aktyor ansablı ilə iş üslubu, mövzu seçimi, çəkiliş prosesinə yanaşma tərzindən bəhs olunub.

 

Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor və kinoşünas Cəmil Quliyev tədbir iştirakçılarına videomüraciətində Rasim Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz buraxdığını, onun yaradıcılıq dövrünün kino tariximizdə ayrıca mərhələ kimi səciyyələndiyini bildirib.

 

Sonra Xalq artistləri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov tanınmış rejissorla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Rasim Ocaqov neorealizm janrında çəkdiyi filmlərdə insan taleyini ön planda tutaraq, bir-birindən fərqli obraz və hadisələri yüksək peşəkarlıqla ekranlaşdırıb. Onun filmlərinin mövzuları elə seçilib ki, onlar hər zaman müasir olaraq qalacaqlar. Rasim Ocaqov Azərbaycan kino sənətinə böyük filmlər bəxş etməklə yanaşı, aktyorların püxtələşməsində müstəsna rol oynamış və rejissorluq işində yüksək bir zirvə fəth edərək, gənc yaradıcı nəsil üçün örnəyə çevrilmişdir.

 

Çıxışlardan sonra Xalq artistləri tamaşaçıları maraqlandıran sualları cavablandırıb, aktyorluq sənəti ilə bağlı fikirlərini interaktiv ünsiyyət şəklində bölüşüblər.

 

Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli rejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi də təşkil olunub. Sərgidə Rasim Ocaqovun ekranlaşdırdığı filmlərdən fraqmentlər, çəkiliş meydançası və tanınmış kino xadimləri ilə fotoları nümayiş etdirilib.

 

 “Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.