Azərbaycanı Dünya Halal Zirvəsində təmsil etmiş Azərbaycan - Yaban milli komandasının qələbəsi ilə bağlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bu yaxınlarda Türkiyədə keçirilən mətbəx yarışması ilə bağlı məlumat verib.
Bildirib ki, Lənkəran şəhəri UNESCO tərəfindən dünya qastronomiya şəhəri elan edildikdən sonra milli komanda Dünya Halal Zirvəsindəki çıxışını iki qələbəyə - Vətən müharibəsində qazanılan qələbəyə və Lənkəranın dünya qastronomiya şəhəri elan edilməsinə həsr edib.
Komandanın əsas devizi Dədə Qorqudun “İgid qılıncından və süfrəsindən tanınar” deyimi olub.
“Dünya bizi noyabrın 8-də Şuşada qılıncımızdan və bir il sonra həmin tarixdə Lənkəranda keçirilən yarışmada süfrəmizdən tanıdı. Bu dəfə milli komandanı yarışmaya AMKA-nın prezidenti olaraq özüm hazırladım. Komandanın qənnadçısı Səltənət Həsənova unudulmaqda olan “cənnət” halvasının sirlərini Araz Yaqubovdan öyrənmək üçün Lənkərana ezam edildi. Qədim mənbələrdə əksini tapan “cənnət çamuru”, “cənnət məcunu” kimi halva düsturları da araşdırıldı, “cənnət halvasına” saray mətbəxinə aid yeni əlavələr işləndi və yeni bir restoran şirniyyatı ortaya qoyuldu”.
Bildirib ki, bu şirniyyatın sirri yalnız Araz Yaqubovla bölüşdürülür və şirniyyatı Lənkəranda hazırlamaq hüququ yalnız ona verilir.
Türkiyədə keçirilən Dünya Halal Zirvəsində ilk dəfə mövzu ilə bağlı ölkəmizdə neoklassik çeşni (menyu) hazırlandığını deyən Tahir Əmiraslanov bildirib ki, yarışda təqdim edilən açar yeməyi tərəvəz və göyərtilərdən hazırlanmışdı. Açar yeməyində üç texnologiyadan istifadə edilmişdi - göyərti və ağartıyla hazırlanan tərə xörəyi, ispan analoqu sayılan badımcan bükməsi və göyərti, yumurta ilə hazırlanan kükü. Açar rolunu oynayan bu yeməkdə yeni ədviyyatlar işlənilib.
Yarışa çıxarılan ana yeməyin neoklassik ənənələrini özündə birləşdirdiyini deyən Tahir Əmiraslanov bildirib ki, dünyada ilk dəfə olaraq kərə yağı quşun döş ətinə hüceyrəarası fazaya yerləşdirildikdən sonra bişirilib və bu yeni texnoloji fənd Azərbaycandan “Yaban” restoranından başlanıb. Bu həm də toyuq döşünü daha zərif və lətif edib.
Qeyd edilib ki, Lənkəran mətbəxində daha çox quş və balıq əti istifadə edildiyindən bir yeməkdə quş və balıq əti birləşdirilib. Yeməyin içərisində müvafiq iki xörək pübləri (sous) əlavə edilib. Yanlığı (garnir) də xörəyin içərisinə yerləşdirilib.
Şirin xörək (desert) hazırlanmasında da bir neçə texnoloji fənddən istifadə edilib. Boşqabda yuxaya bükülmüş halva dürümləri şəhidlərə ehsan, onlara olan ehtiramı, bizə qələbə sevinci bəxş edənlərə sonsuz sevgini ifadə edirdi.
Yeni ədviyyatlarla hazırlanmış halva topunun içərisinə xüsusi desert əlavələri vurulub. Bu şirniyyat topası karameldən hazırlanmış mücrüdə verilmiş inciyə bənzədilmişdi.
Şirin xörəyin (desertin) mənası Şuşada qazanılan qələbələrin şirinliyini bizə şəhidlərimiz verdilər anlamını daşıyırdı.
“Yaban” restoranlar şəbəkəsinin rəhbəri Rəşid Hüseynov deyib: “Hər bir uğur xalqın adına yazılır. Tahir Əmiraslanovun əməyi bizi də ruhlandırır. Tahir Əmiraslanov öz fəaliyyətini şəxsi məqsədlər üçün deyil, Azərbaycan mədəniyyətini dünyaya tanıtdırması üzərində qurub. Düşünürəm, Azərbaycan Milli Kulinariyasının uğurları davamlı olacaq.
O, həmçinin dövlətin kulinariya assosiasiyasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Dünyada ən yaxşı 10 restorandan biri Parisdə yerləşir. Orada ən dadlı yemək ördək ətindən hazırlanır. Mən dünyanın 80 ölkəsində olmuşam, ancaq hesab edirəm ki, ən gözəl mətbəx Azərbaycan mətbəxidir.
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” kitabının çapına maddi dəstək verən iş adamı Etiram Fərzəlibəyov Kulinariya Mərkəzinin əldə etdiyi uğurlara sevindiyini söyləyib.
Sonra Mədəniyyət Nazirliyinin əməkdaşı Nicat Şərifov milli komandanın qazandığı qızıl kuboku daimi saxlanılması üçün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadəyə təqdim edib. Azərbaycan xalqının qədim ənənələrə malik olduğunu deyən Mikayıl Cəfərzadə bildirib ki, Lənkəran rayonu da qədim rayonlardan biridir. Rayon subtropik qurşaqda yerləşdiyi üçün öz potensialını üzə çıxartmaq üçün yaxşı bir fürsət qazanır. Bildirib ki, Lənkəran şəhərin UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil edilməsi xalqımızın uğurudur.
Həmçinin Lənkəran şəhərinə Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibətilə kulinariya sahəsindəki nailiyyətlərə görə döş nişanı təqdim olunub. AMKA tərəfindən Lənkəranın dünya qastronomiya şəhəri elan edilməsi ilə bağlı UNESCO-ya göndərdiyi məktubun sürətini Lənkəranda yaradılan mərkəzə təqdim edilib.
Bu il dünyanın ən yaxşı kulinariya kitabı olmuş “İrəvan xanlığı bölgə mətbəxi”, 2019-cu ildə dünyanın birinci kulinariya kitabı olmuş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” və digər kitabları da Lənkəran şəhərinə hədiyyə olunub.
Tədbirdə, həmçinin iş adamı Araz Yaqubov tərəfindən hazırlanmış “Qarabağ” və “Xan” çay dəstləri ictimaiyyətə təqdim edilib.
Azərbaycan Milli Kulinariya Mərkəzi növbəti uğura imza atıb
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/1257-azaerbaydzan-milli-kulinariya-maerkaezi-noevbaeti-ughura-imza-at-b#sigProGalleria449faa64b5
https://edebiyyatveincesenet.az/az/gundem/item/1257-azaerbaydzan-milli-kulinariya-maerkaezi-noevbaeti-ughura-imza-at-b#sigProGalleria449faa64b5