Könül, “Ədəbiyyat və incəsənət”
Bakıdakı “Holidey İnn” otelinin böyük konfrans zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın Qurultayı keçirildi.
Qurultayda “Simurq”un prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədov ilk öncə təşkilatın xarici üzvlərini - “Sülh Mədəniyyəti İnstitutu”nun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq”un vitse-prezidenti, akademik Engel Tagirovu (Tatarıstan), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti Sühəyl Fərəhi, “Dünya Söz Akademiyası”nın prezidenti, akademik Hayrəttin İvgini (Türkiyə) və b.-larını təqdim etdi.
Professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik uğurlarını inkişaf etdirmək məqsədilə yaradıldığını bildirdi. “Simurq”un görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli, mədəniyyət təşkilatı olduğunu qeyd edən professor söylədi: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihə, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya fədakar üzvlərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib”.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qurultayda çıxış etdi. O, Ümummilli liderin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət-qayğısından söz açıb, bu unudulmaz diqqət-qayğının ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam və inkişaf etdirildiyini bildirdi.
Fazil Mustafa Assosiasiyanın, şəxsən Assosiasiya prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədovun uzunmüddətli, çoxşaxəli və səmərəli fəaliyyətini təqdirlə qeyd etdi, ürək sözlərini bölüşdü. O, Mədəniyyət Komitəsinin təbrik məktubunu professor Fuad Məmmədova təqdim etdi.
Komitənin təbrik məktubu üçün təşəkkür edən professor Fuad Məmmədov öz növbəsində, Komitə sədrinin “Simurq”un 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirdi, medalı və müvafiq sertifikatı Komitə sədrinə təqdim etdi.
Qurultayda digər təltiflər də oldu.
96 yaşlı akademik, görkəmli heykəltaraş Ömər Eldarovun təltif olunduğu
“Simurq”un ali mükafatını - tunc Simurq quşu heykəlciyini akademikə Fazil Mustafa təqdim etdi.
Mədəniyyət sahəsinə verdikləri töhfələrə görə azərbaycanlı və xarici mədəniyyət xadimlərinə, eləcə də assosiasiya üzvlərinə medal, diplom və təşəkkürnamələr verildi. Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis “Simurq” Beynəlxalq medalı və müvafiq Sertifikatla təltif olundu.
Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olundu.
Tədbirdə Milli Məclisin üzvü, Mədəniyuət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək, assosiasiyanın təsisçiləri və üzvlərini 30 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar dilədilər.
Bəli, “Simurq” 30 ildir ki pərvəzlanıb Azərbaycanın mədəniyyət səmasında qanad çalır. Ömrü uzun olsun!
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)