Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin birinci qurultayı keçirilib Featured

Qurultay iştirakçıları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər. 

 

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin birinci qurultayı keçirilib.

 

AzərTAC xəbər verir ki, görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə cari il ərzində mədəniyyət sahəsində qazanılan uğurlardan söhbət açılıb.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən, Xalq artisti Hacı İsmayılov, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski və başqaları çıxış edərək bildiriblər ki, 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşüb. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib.

 

Qeyd edilib ki, 2023-cü il Azərbaycan üçün tarixi hadisələrdən biri ölkəmizin suverenliyinin bütün ərazimizdə bərqərar olmasıdır. Bu mühüm tarixi nailiyyət Ali Baş Komandan İlham Əliyevin ölçülmüş siyasəti və liderliyi sayəsində mümkün olub. Bu hadisənin məhz “Heydər Əliyev İli”ndə gerçəkləşməsinin rəmzi mənası var. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Bu gün 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımıza həyat qayıdır, mədəni abidələrimiz bərpa olunur, qədim şəhərlərimizdə müxtəlif sahələr üzrə yerli və beynəlxalq tədbirlər keçirilir. Bir sözlə, əzəli-tarixi torpaqlarımız yenidən dirçəlir.

 

Natiqlər qeyd edib ki, təbii ki, bu istiqamətdə görülən işlərə töhfə vermək, əldə edilən uğurların davamlı olmasını təmin etmək məqsədilə mədəniyyət xadimlərimiz də birləşərək bütün səylərini səfərbər ediblər.

 

Vurğulanıb ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub. Natiqlər Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi üçün gördüyü işlərdən danışıblar, onun namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.

 

Çıxışlarda birmənalı olaraq Prezident İlham Əliyevin 7 fevral seçkiləri üçün layiqli və tək namizəd olduğuna dəstək nümayiş etdirilib.

 

Çıxışlardan sonra qurultay bəyanat qəbul edib.

 

Bəyanatda deyilir:

 

“Müstəqil, güclü, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan - xalqımızın uzun illər ərzində apardığı mübarizənin nəticəsi, onun yüksək ideallarının mənəvi və ideoloji qələbəsidir.

 

Azərbaycan xalqının ən böyük siyasi dühası olan Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik məfkurəsi, azərbaycançılıq ideologiyası və bünövrəsini qoyduğu dövlət siyasəti müstəqil və güclü Azərbaycanı bu günün reallığına çevirmişdir. Ümummilli Lider milli kimliyin, milli-mənəvi dəyərlərin qorunması, onların ümumbəşəri dəyərlərlə vəhdəti istiqamətində mühüm işlər görmüşdür. Bu siyasətin tərkib hissəsi kimi, mədəniyyət siyasəti dövlətin strateji prioritetlərindən biri olmuşdur.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti onun siyasi xəttinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən köklü islahatlar, genişmiqyaslı layihələr cəmiyyətimizin inkişafını və mədəni tərəqqisini şərtləndirir.

 

Son 20 il ərzində milli və mədəni özünəməxsusluğun, zənginliyi ilə seçilən mədəni irsimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, mədəniyyətimizin dünyaya tanıdılması işində ciddi nailiyyətlər əldə olunmuşdur. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin rolu danılmazdır. Mədəniyyət sahəsində əldə edilən hər bir uğur tariximizdə mədəniyyətimizin təntənəsi kimi qalacaq.

 

Milli irsimizə, təsviri və tətbiqi sənətə - ümumilikdə incəsənətə, teatra, kinoya, milli musiqiyə, kitabxana və muzey işinə - mədəniyyətin bütün istiqamətlərinə ali səviyyədə qayğı və dəstək daim hiss olunur. Dövlət başçısı tərəfindən verilən hər bir qərar ölkə daxilində və xaricdə mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və bu dəyərlərə bağlılığımızın gücləndirilməsinə xidmət edir.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci ildə müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza ataraq, Azərbaycanın ərazi bütövlüyünü, 2023-cü ildə isə lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tam suverenliyini və bununla tarixi ədaləti bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad olunması və qalib xalqın yeni milli kimliyinin formalaşdırılması Azərbaycan mədəniyyətinin qarşısında yeni vəzifələr qoyur.

 

Bu gün Qarabağ və Şərqi Zəngəzur, mədəniyyət beşiyimiz Şuşa özünün yeni intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin yenidən qurulması, tarix-mədəniyyət abidələrimizin bərpa olunması istiqamətində intensiv işlər aparılır. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin tarixi-mədəni siması bərpa edilir, buraya yenidən mədəniyyət və milli ruh qayıdır. Təbii ki, bütün bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin illər boyu fasiləsiz zəhməti, uzaqgörən siyasəti və güclü liderliyi sayəsində mümkün olmuşdur.

 

Tarix və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində işlər davam etdirilir. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na çevrilməsi, 2024-cü il üçün isə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi Türk və İslam dünyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana olan xüsusi ehtiramının ifadəsidir.

 

Azərbaycan Respublikası Prezidentinin yürütdüyü müdrik, balanslaşdırılmış xarici siyasət strategiyası sayəsində mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənmişdir. Bölgəmizdə yeni reallıqların yaranması və hər kəsin bununla hesablaşması İlham Əliyevin siyasi kursunun uğurudur.

 

Məhz bu siyasi kursun nəticəsidir ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri Azərbaycanın tarixində ilk dəfə olaraq bütöv və suveren Azərbaycanda baş tutacaq.

 

Bütün sahələrdə əldə edilən uğurların, aparılan işlərin gələcəkdə də artan templərlə davam etdirilməsi, mədəniyyətimizin ən böyük sərvətimiz və gücümüz kimi dünyada tanıdılması, Prezident-Xalq birliyinin daha da möhkəmləndirilməsi, dövlətimizin və xalqımızın tərəqqisi naminə Azərbaycanın yaradıcı ittifaqları və mədəniyyət xadimləri 2024-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi - Möhtərəm İlham Əliyev cənablarının namizədliyini yekdilliklə dəstəkləyir.

 

Əminik ki, Azərbaycan xalqı bir daha milli maraqlarımızın müdafiəsi üçün sıx birləşərək Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi, xalqımızın rifahının daha da yüksəldilməsi, ölkəmizin gələcəyə doğru inamla və uğurla irəliləməsi naminə öz iradəsini ifadə edəcək".

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.