Bu gün Şuşada Türk dünyası memarlarının simpoziumu öz işinə başlaylb. Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparır, təqdimatla çıxış edirlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpoziumda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak edir.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” mövzuları ətrafında panel müzakirələri aparılacaq.
Açılış mərasimində Səbinə Hacıyeva çıxışında bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də Türk dünyasının mədəniyyət beşiyi rolunu oynayır.
Harada anadan olmağımıza baxmayaraq, Şuşanın hər bir azərbaycanlının qəlbində yeri ayrıdır. İnanırıq ki, Türk dünyası memarlarını bir araya gətirən simpozium Şuşamızın daha da gözəlləşməsinə, memarlığının inkişafına öz töhfəsini verəcək.
Hazırda abidələrin monitorinqi aparılır, bu prosesə 2021-ci ildən start verilib. Azərbaycana məxsus abidələrdə ermənilər tərəfindən aparılan saxta təsnifat əməlləri beynəlxalq konvensiyalara və hüquqlara ziddir. Bu kultursiddir. İnanırıq ki, istedadlı memarların tövsiyələri ilə Şuşanın siması daha da gözəlləşəcək. Düşünürəm ki, birgə işlərimiz çox olacaq. Qarabağın və Şərqi Zəngəzurun abidələrinin qorunması çox vacib məsələlərdəndir”.
(Çıxış mətninin stenoqramı AzərTAC-dan götürülüb)
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)