Sabah “Kəlbəcər Şəhəri Günü”dür - GƏNCLƏR KİTABXANASININ TÖHFƏSİ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən Könül, mövzum yenə ənənəvi məkandan - Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından. Bildiyiniz kimi sabah - noyabrın 25-i ölkəmizdə “Kəlbəcər Şəhəri Günü” qeyd ediləcək. Daim gündəmlə ayaqlaşan, xalqımızı, xüsusən onun gənclik zümrəsini maarifləndirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının da bu təqvim gününə öz töhfəsi var. 

Kitabxana silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlayıb. Bu hazırlanan materiallarda Kəlbəcər rayonunun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.

Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsünkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onu yaranma tarixi haqqında materiallarda məlumatlarlar təqdim edilir. 

Virtual sərgidə Azərbaycanın əzəli torpağı olan Kəlbəcər şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması tarixi faktlar və görüntülər ilə qeyd edillir. 

Habelə Kəlbəcər rayonunda aparılan yenidənqurma işləri, Zəfər və İşğal muzeylərinin yaradılacağı haqqında məlumatlar təqdim edilir.

Rəsmi materiallar isə bir ayrıca qovluq təşkil edir. Burada Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinə gedən yol”, “44 günlük əfsanəvi hərb tariximiz”, “Yolumuz Zəfər yoludur”, “Qanı ilə Zəfər yazanlar”, “Yol gedirmi Kəlbəcərə?”, “Kəlbəcərin tanınmış adamları” kimi 20-dən çox kitabın, “Quruculuğun Kəlbəcər təntənəsi”, “Azad topaqlarımız: Hüsnu əcər Kəlbəcər” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

“Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında -ryl.az yerləşdirilib.

Bu arada fürsətdən istifadə edib kəlbəcərliləri əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.