Oktyabrın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” təlim proqramının açılış mərasimi keçirilib.
Təlimin 1-ci mərhələsi oktyabrın 13-dək davam edəcək.
Mərasimdə çıxış edən prodüser və hüquqşünas Fikrin Bektaşi bildirib ki, təlimdə iştirakçılar dünya standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edəcək, eyni zamanda, iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti qazanacaqlar. Qeyd edib ki, təlim Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə keçiriləcək.
AzərTAC-ın xəbərinə görə, tədbirdə çıxış edən Martin Haqemann və Titus Kreynberq oktyabrın 9-dan başlayaraq müxtəlif mərhələlər üzrə 8 həftə davam edəcək təlimlə bağlı ətraflı məlumat veriblər.
Bildirilib ki, təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir.
Qeyd edək ki, sonda iştirakçılar sertifikatla təltif olunacaq, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)