Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Martin Haqemannın rəhbərliyi altında “Prodüserlərin inkişaf təlimi” proqramına start veriləcək.
Nəhayət ki, həmin gün gəldi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilmişdi. Çox sayda kino prodüsserliyi ilə maraqlanan və bu sahədə “külüng döyən” şəxs təlimdə iştirak üçün qeydiyyatdan keçmişdi.
Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə təlim bü gündən - oktyabrın 9-dan başlayaraq 8 həftə davam edəcək.
“Huanq Şi uşaqları” və “Berlin” kimi filmlərlə ad eləmiş 68 yaşlı mütəxəssis - Martin Haqemann kino prodüsserliyində bir məktəbdir, onu həm Avropa, həm də Amerika kino industriyasında qəbul edirlər. Haqemanın əsas prinsipi “az büdcə ilə kinoşedevr yaratmağın mümkünlüyü”dür, bu da mədəniyyətə ianə qoymaq istəyən milli burjuaziyanın olmaması reallığı ilə barışmış Azərbaycan kimi ölkələr üçün istinad nöqtəsi sayıla bilər.
Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə edəcəklər.
İştirakçılar sertifikatla təltif olunacaqdır, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Şəkildə: Martin Haqemann
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)