Sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfransı başa çatıb.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.
Sonra Özbəkistan Milli Kitabxanasının direktoru, BAE-nin vitse-prezidenti Umida Teşabayevanın “Mərkəzi Asiya ölkələrinin sərhədyanı ərazilərindəki kitabxanaların qarşılıqlı əlaqəsi” mövzusunda məruzəsi dinlənilib.
Gündəlikdə olan əsas məsələlərdən biri BAE-də iştirak edən kitabxanaların 2023-cü ilin ikinci yarısındakı peşəkar tədbirləridir ki, bu barədə Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin, B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Nosov, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tatyana Tensina və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronskiy danışıblar.
İkinci məsələ 2024-cü ildə A.S.Puşkinin anadan olmasının 225 illiyinin qeyd olunması çərçivəsində layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi olub. Bu istiqamətdə Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin çıxış edərək təkliflər veriblər.
2025-ci ildə İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş BAE tədbirlərinin planı B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Nosov, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronskiy tərəfindən təkliflər səsləndirilib, nəzərdə tutulan layihələr dəstəklənib, bu sahədə birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Ümumilikdə iclasda mədəni siyasət, kitabxana fondlarının formalaşdırılması, qorunması, bərpası, rəqəmsal biblioqrafiya, kitabxanaların modernləşdirilməsi, təcrübə mübadiləsi, ixtisasartırma, uşaq ədəbiyyatı, uşaqlarla iş kimi məsələlər müzakirə edilib.
Daha sonra Rusiya Dövlət İncəsənət Kitabxanası BAE-yə yeni üzv qəbul edilib, 2023-cü ilin sentyabrından 2027-ci ilin sentyabrına qədər BAE-nin baş direktorunun seçkiləri baş tutub. Səsverməyə əsasən Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdiri, Tərəfdaşlıq Proqramları Departamentinin direktor müavini İrina Qayşun baş direktor seçilib. Bununla da illik iclas yekunlaşıb.
İclasda, həmçinin “Azərbaycan Milli Musiqi Kitabxanası” layihəsinin təqdimatı olub.
Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri”, Vatikan Kitabxanasının direktoru Mauro Mantovani “Kitabxanalar və müasir insan inkişafı”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina “Kitabxanalar mənəviyyatımızın saxlanma mənbəyi kimi”, Belarus Milli Kitabxanasının direktoru Vadim Gigin “Belarus Milli Kitabxanasının Belarus Respublikasının tarixi dövlət siyasətinin formalaşmasında və inkişafında rolu”, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Bakıtcamal Ospanova “Qazaxıstan Respublikasının Milli Kitabxanası və onun Qazaxıstanın sənədli mədəni-tarixi irsinin qorunmasında rolu”, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Kitabxana işi üzrə baş direktor müavini, pedaqoji elmlər namizədi, “Rusiya Mütaliə Assosiasiyası” regionlararası ictimai təşkilatının vitse-prezidenti Maria Belokolenko “Kitab və mütaliə mədəniyyəti mərkəzləri” təşkilatlararası layihə: konsepsiya və ilk nailiyyətlər”, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tatyana Tensina “Udmurt Respublikası Milli Kitabxanası udmurt xalqının mədəni yaddaşının qorunması və təbliğində”, Moldova Respublikası Milli Kitabxanasının direktoru Elena Pintilei “Mədəni və ictimai diplomatiya, yanaşmalar və fikirlər. Moldova Respublikası Milli Kitabxanasının təcrübəsi”, Başqırdıstan Respublikası Əhmet-Zəki Validi adına Milli Kitabxananın İnformasiya və İnnovativ Texnologiyaların İnkişafı üzrə direktor müavini Radmir Bayzigitov “Kitabxana sektorunda rəqəmsal innovasiyalar” və digər xarici və respublikanın aparıcı kitabxana işçiləri tərəfindən müxtəlif mövzularda məruzələr dinlənilib.
Sonra çıxışlar əsasında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)