Milli Musiqi Günü münasibətilə mədəniyyət naziri Adil Kərimli Üzeyir bəyin məzarını ziyarət edib Featured

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır.

Nazir deyib ki, xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir bəy görkəmli dövlət xadimi idi, həmçinin Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival haqqında fikirlərini bölüşərək bildirib ki, Üzeyir bəyin əsərləri hər zaman sevilə-sevilə dinlənilir. Çox sevindirici haldır ki, torpaqlarımız azad olunub, artıq Şuşada musiqi festivalları, Vaqif Poeziya Günləri keçirilir. Bu gün Üzeyirin ruhu şaddır, onun əsərləri doğma Qarabağımızda səslənir.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.