Qazaxda Aşıq Ədalətin anım mərasimi keçirildi Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatından 6 il keçdi. 

 "Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazax rayonu Ağköynək kənd qəbristanlığında aşıq Ədalətin məzarı ziyarət olundu.

 

Anım tədbirini giriş sözü ilə şair, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri şair Barat Vüsal açdı. Barat Vüsal Aşıq Ədalət Nəsibovun saz sənətinə verdiyi töhfələrdən, saz sənətinə gətirdiyi yeniliklərdən söhbət açaraq onun ecazkar solo-saz ifaları və özünəməxsus oxu tərzilə daim yadda qalacağını vurğuladı: "Ədalət sağlığında əfsanələşmiş ustadlardandır. O, təkcə Azərbaycanın yox, bütün Türk dünyasının sənətkarıdır. Aşıq Ədalət bu sənəti elə bir zirvəyə qaldırıb ki, bundan sonra and içəndə həm də deyəcəyik: and olsun saza!"

 

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, BDU-nun Qazax filialının professoru Valeh Nəsibli çıxış edərək tədbir iştirakçılarını "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından salamlayaraq unudulmaz sənətkar Ustad Aşıq Ədalət Nəsibova Allahdan rəhmət dilədi. Valeh Nəsibli Aşıq Ədalət sənətinin ucalığından danışdı: "Saz deyəndə Ədalət yada düşür, Ədalət deyəndə saz yada düşür. Aşıq Ədalət Nəsibov sazı zirvəyə qaldırıb. Aşıq Ədalət Nəsibov sözün xiridarı, sazın nəhəngidir. O, böyük bir məktəb qoyub getdi. Allah rəhmət eləsin".

 

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, Əməkdar  mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev,  Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin bədii rəhbəri Aşıq Camoy, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Səfərov, "Qazax" Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonları üzrə nümayəndəsi Ələddin Kəsəmənli çıxış edib Aşıq Ədalət yaradıcılığından söz açaraq onun ustadlığından, sənətkarlığından danışdılar, Aşıq Ədalət Nəsibovla bağlı xatirələrini bölüşdülər.

Sonda Aşıq Samir Cəlaloğlu Ustad Ədalət Nəsibovun məzarı önündə "Yanıq Kərəmi"ni ifa etdi.

Xatırıadaq ki, Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevdir.

15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.

Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılmışdır.

Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

Aşıq Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbristanlığında dəfn olunmuşdur. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.