Sentyabrın 12-də Milli Aviasiya Akademiyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib. Tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb və ölməz musiqi əsərləri səsləndirilib.
Çıxışçılar bildiriblər ki, böyük bəstəkarın yaradıcılığında kinofilmlərə və teatr tamaşalarına yazdiğı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Axırıncı aşırım " kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşalarına yazdiğı musiqi əsərləri bu gün də sevilə-sevilə dinlənilir.
A.Məlikovun çoxşaxəli yaradıcılığında estrada əsərləri də mühüm yer tutub. Bəstəkarın yazdığı "Yaşatdi məni", "Dənizdə ay çiməndə", "Gəl bizim dağlara" və digər mahnılar taninmış mügənnilərimizin ifasinda böyük şöhrət qazanıb. Bəstəkarın bəstələdiyi mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Akif İslamzadə və digər tanınmış müğənnilərimiz böyük məharətlə ifa ediblər.
Sonra musiqili hissə başlayıb. Milli Aviasiya Akademiyasının tələbələri və professor-müəllim heyətinin qarşısında çıxış edən Xalq artisti Fidan Haciyeva, Əməkdar artist Ramil Qasımov, müğənnilər Kamilə Nəbiyeva, İnarə Babayeva bəstəkarın müxtəlif illərdə yazdığı estrada, operetta və klassik janrda bəstələdiyi mahnıları təqdim ediblər.
İfaçıları Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" instrumental ansamblı müşayiət edib.
Konsertdən sonra Əməkdar artist, müğənni Ramil Qasımov jurnalistlərə müsahibəsində deyib:
-Sentyabrın 13-də dünyaşöhrətli bəstəkar Arif Məlikovun anadan olmasının 90-cı ildönümü tamam olur. Arif Məlikovun yaradıcılığı hər bir azərbaycanlı üçün böyük iftixar, böyük qürur mənbəyidir.
Çox xoşbəxt ifaçıyam ki, yaradıcılığımda Arif müəllimlə birgə əməkdaşlığımız olub. 2018-ci il sentyabrın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında onun mahnılarından ibarət konsert proqramı təşkil edilmişdi. Konsertdə Arif Məlikov özü də iştirak elədi və sonda ürək sözlərini bildirdi. Bu gün Milli Aviasiya Akademiyasında təşkil olunmuş bu gecə də heç də təsadüfi deyil. Çünki bildiyiniz kimi sabah Arif müəllimin 90 illik yubileyidir. Fürsətdən istifadə edib Milli Aviasiya Akademiyasının rəhbərliyinə təşəkkür edirəm”.
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)